Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda 2014-cü ilin 9 ayında çox böyük işlər görülmüş və uğurlu nailiyyətlər əldə olunmuşdur

15 oktyabr 2014 | 15:00

Bu gün Daşkəsən rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2014-cü ilin 9 ayı ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha yada salmaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. 2014-cü il Daşkəsən rayonunun tarixinə qızıl hərflərlə qeyd olunacaqdır. Ona görə ki, bu ildə görünməmiş miqyasda tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri aparılmışdır. Bu il həmin tikintilərin çox möhtəşəm açılışları gözlənilir.

Daşkəsəndə aparılan belə möhtəşəm tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə böyük ideoloji təminat yaradır.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab  İlham Əliyevin sədrliyi ilə oktyabrın 8-də Prezident sarayında, Nazirlər Kabinetinin 2014-cü ilin   doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası  keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra nitqinə davam edərək demişdir :
- Birmənalı olaraq qeyd  etməliyik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham  Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir.
Bu uğurlar qısa zaman kəsiyində möhtərəm Prezident İlham  Əliyevin rəhbərliyi ilə həyata keçirilən  qətiyyətli və mükəmməl iqtisadi strategiya nəticəsində əldə olunub. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər islahatlar  Azərbaycan  iqtisadiyyatının kompleks inkişafını təmin etmişdir. Bu isə məhz qeyd etdiyimiz Dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının, ali diqqətinin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 2014-cü ilin   9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası  giriş nitqi ilə açaraq demişdir :
        - Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir...
       ...Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artmışdır. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.”
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək demişdir ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ilin 9 ayında bir çox işlər görülmüş və nailiyyətlər  əldə olunmuşdur.   
Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli  artmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti  cənab İlham Əliyevin  10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edilmişdir.
Çox hörmətli Prezidentimiz  cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişafına çatacaqdır.
Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yenidən fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.
Aidiyyəti ünvanlarla bu sahənin inkişafı üzrə müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 12 ədəd yeni “BelAZ” markalı karxana yük avtomobili almışdır.  Həmin  maşınlardan  dəmir  filizi  hasilatında   istifadə ediləcək , bununla da hasil olunan filizin maya dəyərinin 20 faiz  aşağı düşməsinə imkan yaranacaqdır. 
  İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra bildirmişdir ki, 2014-cü ilin 9 ayı ərzində  rayon ərazisində  bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Cari ilin keçən dövrü ərzində Statistika idarəsinin yeni müasir inzibati binası  istifadəyə verilmişdir.
Quşçu, Mollahəsənli, Daşkəsən qəsəbə, Əmirvar kənd tam orta, Bayan, Əmirvar-Əhmədli, Muşavaq ümumi orta məktəbləri və Daşkəsən şəhərində 5 saylı Körpələr evi uşaq bağçası müasir tələblər səviyyəsində tikilərək istifadəyə verilmişdir.
S.Vurğun adına 4 saylı şəhər, Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında  təmir işləri aparılmışdır.
Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində Xoşbulaq 2 saylı kitabxanasında, Qazaxyolçular kənd klubunda  və Quşçu kənd mədəniyyət evində təmir işləri  aparılmışdır.
Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş,  hazırda zavodda  son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər  əhalinin  işlə təmin olunmağına imkan yaradacaqdır.
Heydər Əliyev Mərkəzinin əsaslı təmir işləri, Daşkəsən  Rayon İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın, Xoşbulaq kəndində Gənclərin Təlim və İstirahət  Mərkəzinin, Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin, Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikinti işləri başa çatdırılmışdır. Adları qeyd olunan bu tikintilərin yaxın günlərdə möhtəşəm bir açılışı olacaqdır.
Daşkəsən şəhərinin girəcəyindən başlamaqla  Heydər Əliyev prospektinə və Heydər Əliyev meydanına və digər küçələrə 26 000 m2 yeni asfalt örtüyü salınmışdır.
Şəhərin küçələrində 6000 m2 istinad divarlarında təmir işləri  aparılmış, o cümlədən 3000 m2 istinad divarları bəzək daşları ilə üzlənmişdir. Səkilərə 4 000 m2 tamet daşları və 5000 m2 mərmər bordurlar düzülmüşdür. Küçə və meydanlarda müasir tipli  işıqlandırma dirəkləri quraşdırılmışdır.
Heydər Əliyev prospekti boyu 2600 ədəd yaşıl ağaclar əkilmiş, 2400 m2 sahəyə yaşıllıq zolaqları salınmış, 10 000 ədəd gül kolları əkilmişdir.
Daşkəsən rayonu ərazisində daima səliqə-səhmana ciddi fikir verilir, bu işlər həmişə diqqətdə saxlanılır.
Daşkəsən şəhərində 85-dən artıq çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuşdur. 35-dən çox yaşayış binalarının fasadları rənglənmiş, təmir işləri görülmüşdür.
Daşkəsən şəhərində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün  torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində  aidiyyəti üzrə  respublika tabeli  qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində  əlverişli şərait vardır.
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı  problemlərin həllinə köməklik göstərirlər.
Daşkəsən rayon sakinlərinin qaldırdıqları problemli məsələlər əsasən aşağıdakılardan ibarət olmuşdur.
- Qabaqtəpə, Astaf və Tapan kəndlərindən keçən çayların üzərində 3 ədəd körpünün salınması;
- Daşkəsən şəhərinin girəcəyindən Astaf kəndinə qədər olan yolun asfaltlanması və çaylar üzərində yeni körpülərin tikilməsi,
- Bayan kəndi ərazisindəki dəmir yolu körpülərinin təmiri,
- Quşçu körpüsündən Quşçu kəndinə qədər olan yolun asfaltlanması,
- Rayon mərkəzindən Alunitdağ qəsəbəsinə qədər olan  2,3 km yolun asfaltlanması,
- Daşkəsən –Xoşbulaq asfalt yoldan Mədənçilər  qəsəbəsinə qədər olan 800 m yola asfalt örtüyünün salınması,
- Quşçu kəndindən Zəylik kəndinə qədər olan 10 km yolun asfaltlanması.

Qəbulda həmçinin Daşkəsəndə yüksək səviyyədə  görülən yol işlərinə və yeni tikilən avtovağzala görə möhtərəm Prezidentimiz  cənab İlham Əliyevə, rayon sakinləri adından böyük minnətdarlıq bildirildi. Yeni avtovağzaldan  respublikanın ayrı-ayrı bölgələrinə marşurut xətlərinin açılması təklif olunmuşdur. 
3300 nəfər əhalinin yaşadığı  9 yaşayış məntəqəsini  birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər  aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu proqramın həyata keçirilməsi  2014-cü il Dövlət proqramına salınmış və təsdiq olunmuşdur.
3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən 21,3 km uzunluğunda olan Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi uğurla başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
12 km uzunluğu olan Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir edilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışında onu da bildirmişdir ki, “Yeni Daşkəsən” layihəsi  işlənib elmi əsaslarla  hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin  həlli layihədə əsas vəzifə kimi   qarşıya  qoyulmuşdur.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə  əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti  nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə bağlı daimi əlaqələr saxlanılır.  Artıq Azərbaycan  Respublikasının Nazirlər  Kabinetində  müvafiq qaydada  baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli  barədə aidiyyəti üzrə  nazirliklər, digər qurumlar   tərəfindən yazılı surətdə müsbət rəylər  alınmışdır.
 
Bildiyiniz kimi Daşkəsənin yay otlaqları  bu rayonun milli sərvətidir. Lakin rayon bu  sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət  rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu.  Çünki  yuxarıda qeyd edildiyi kimi  rayonun ərazisində yerləşən  yay otlaqları sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu 7 rayon arasında bölüşdürülmüşdü.
Daşkəsən rayonun  ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun  və səmərəli istifadənin təmin edilməsi, habelə onların  mühafizəsinə   nəzarətin  gücləndirilməsi  məqsədilə  Daşkəsən rayonunun ərazisindən digər  rayonların istifadəsinə verilmiş Dövlət fondu  yay otlaq  sahələrinin  Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə   verilməsi   xahiş   olunmuş,   məhz  çox  hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən məsələyə   baxılaraq, müraciət  müsbət  həll olunmuş, bu barədə  Nazirlər Kabineti müvafiq sərəncam  vermişdir.
Bu ciddi problemli məsələnin həllinə  görə bir daha şəxsən möhtərəm cənab Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bütün Daşkəsən əhalisi adından bildiririk.
Məlumat üçün bildirmək istəyirəm ki, rayonumuzda yeni yaradılacaq kənd təsərrüfatı idarəsi üçün inzibati binanın tikintisinə başlanılmışdır.
Respublikada  həyata  keçirilən  iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət  daşıması  cəmiyyətin  sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması   istiqamətində atılan bütün  addımlar öz müsbət nəticələrini verir.
Qaz İstismar Sahəsi üzrə 2014-cü ilin doqquz ayı ərzində əhaliyə  verilən təbii qazın dəyərinin ödənilməsi 102,8 %,  ümumi ödəmə  üzrə isə 107 % təşkil etmişdir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Rayonun digər yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi üçüncü Dövlət Proqramına  daxil edilmişdir.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya  xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra tədbir iştirakçılarının diqqətinə çatdıraraq vurğuladı ki, 10 iyun 2014-cü il tarixdə saat 21-30 radələrində  Daşkəsən rayonu ərazisində   çox dəhşətli, güclü dolu  və küləklə  müşayiət olunan  yağan leysan yağışlarının  nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına,  fərdi yaşayış evlərinə,  yol,  elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəymişdir. Rayonun daxili imkanları hesabına  və Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə  bir sıra işlər görülmüş və hazırda bu işlər davam etməkdədir.
  Oktyabrın 8-də Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2014-cü ilin doqquz ayının sosial-iqtisadi   inkişafın  yekunlarına   və   qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində  demişdir: “Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışının sonunda bildirdi ki, qarşımızda çox məsul və şərəfli  vəzifələr durur. İcazə verin, Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran  vəzifələrin layiqincə yerinə  yetirilməsi üçün  daha yüksək əzmkarlıq göstərərək,  bütün daşkəsənlilər qüvvəmizi   səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər