Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident cənab İlham Əliyev : “Sudan bu cür sui-istifadə qəbuledilməzdir”

18 iyun 2020 | 16:00

"Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.
Dövlət başçısı bildirib: "Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim.
Siz, həmçinin kənd təsərrüfatını qeyd etdiniz. Biz sizinlə bu sahədə çalışırıq. Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir.
Mən, həmçinin məhkəmə sistemimizə dəstəyinizə görə minnətdarlığımı bildirmək istərdim. Mən şəxsən yeni məhkəmə binalarımızın açılış mərasimində iştirak etmişəm. Təkcə binalar deyil, həmçinin sistemlər, texnologiyalar. Bütün bu layihələr Dünya Bankının dəstəyi ilə həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq təbii ki, postpandemiya dövrü böhranını idarə etmək üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünki bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq".

Keçidlər