Daşkəsəndə əhaliyə koronavirusla əlaqədar təlimat vərəqləri paylanır, ictimai yerlərdən posterlər asılır
Daşkəsən rayonunun bütün yaşayış məntəqələrində maarifləndirici posterlər yapışdırılır, flayerlər paylanır. Təlimat materiallarında 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər istifadə etməmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyyələr verilir. Parça maskanın hazırlanması və ondan istifadə qaydaları da təlimatda yer alır.
Flayerlər əhalinin çoxluq təşkil etdiyi məkanlarda, o cümlədən küçələrdə paylanır. İdarə, müəssisə və evlərə də verilir. Posterlər yaşayış binalarının və iaşə obyektlərinin giriş qapılarına, bankomatlara və əhalinin daha çox görə biləcəyi yerlərə yapışdırılır.
İşlər mobil qruplar və gənc könüllülər tərəfindən həyata keçirilir.
Xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumşaldılma tədbirlərindən sonra vətəndaşlarımızın böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi və arxayınlaşması səbəbindən ölkə üzrə bu infeksiyaya yoluxanların sayı kəskin artmağa başlamışdır.
Bununla əlaqədar, rayonda yaradılmış Operativ Qərargah ərazidə nəzarət tədbirləri daha da gücləndirmiş, mobil qruplar tərəfindən Polis orqanlarının nümayəndələri ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.
Əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işləri davam etdirilir.