Prezident İlham Əliyev: Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir
“Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.
Prezident İlham Əliyev bildirib ki, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı.
“Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər”-deyə, dövlət başçısı vurğulayıb.