Daşkəsəndə buraxılış imtahanlarının keçirilməsi üçün hazırlıq işləri başa çatdırılıb
Daşkəsən rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən 10.06.2020-ci il tarixində ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanı, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəsissələrinə sənəd verən əvvəlki illərin məzunları üçün qəbul və eləcədə XI sinifdə tədris dili başqa dildə təhsil alan şagirdlər üçün Azərbaycan dili imtahanı keçiriləcək.
İmtahan Daşkəsən rayonunda 2 binada - Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və A.Mürsəlov adına 2 №-li tam orta məktəblərdə aparılacaq. Bu imtahanda 315 nəfər şagirdin iştirak edəcəyi gözlənilir.
Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Maskadan istifadə etməyən şagirdlər imtahana buraxılmayacaq.
İmtahandan iki gün əvvəl, 08 iyun 2020-ci il tarixində imtahanlarının keçirilməsi nəzərdə tutulmuş hər iki təhsil müəssisəsində dezinfeksiya işləri həyata keçirilib. Məktəblərin foye, dəhliz, imtahan otaqları dezinfeksiya edilib, sanitar qovşaqlarında axar su təmin olunub, tövsiyəyə uyğun təmizlik işləri aparılıb.
Şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə 2 metrlik ara məsafəsinin nişanları çəkilib.
İmtahan binaları 09.06.2020-ci il tarixdə saat 09:00-dan möhürlənərək polis əməkdaşlarına təhvil veriləcək.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq sərəncamı ilə imtahan günü 10 İyun 2020-ci il tarixində saat 08:00-dan imtahan qurtaranadək imtahan binalarının mühafizə edilməsi və imtahana buraxılış rejiminin təşkili üçün hər imtahan binasına 5 polis əməkdaşının, imtahan günü imtahan sənədlərinin imtahan binasına çatdırılması üçün 1 polis patrul xidməti maşınının ayrılması, eləcə də imtahanda səhiyyə xidmətinin həyata keçirilməsi üçün saat 09:00-da hər imtahan binasına 1 təcili tibbi yardım avtomobilinin və həkim heyətinin və həmçinin dövlət yanğından mühafizə əməkdaşlarının ayrılması və imtahan binasının su, işıq və qazla tam təmin olunması nəzərdə tutulmuşdur.
İmtahanlara hazırlıq tədbirləri Daşkəsən Rayon İcra Hakimiyyətinin nəzarəti ilə karantin qaydalarına uyğun aparılır. Apteklərdə tibbi maskaların satışının tam təmin olunması barədə göstəriş verilib.