Azərbaycan Prezidentinin qlobal təşəbbüsləri dünyada yüksək qiymətləndirilir
Bu gün dünya koronavirus xəstəliyi səbəbindən yaranan ağır böhrandan, iqtisadi tənəzzüldən çıxış yollarını axtarır. Dünyanın beyin mərkəzləri, aparıcı təsisatlar müxtəlif proqnozlar verir, çıxış yollarını arayırlar. Təbii ki, dünyanın ən aparıcı ölkələrində belə koronavirus infeksiyası səbəbindən yaranan böhranın nəticələrinin aradan qaldırılması üçün kifayət qədər böyük zamana ehtiyac var. Lakin zamandan səmərəli istifadə edərək qısa vaxtda müvəffəqiyyət qazanmaq da mümkündür. Tarix göstərir ki, yalnız ən uğurlu liderlər ən ağır günlərdə müdrik, qətiyyətli qərarları, təşəbbüsləri ilə qarşıya çıxan problemləri həll edir, xalqları ağır günlərdən üzüağ çıxarmağa müvəffəq olurlar. Bu gün dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirir, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğulayır.
Zirvə görüşləri: Azərbaycanın qlobal əməkdaşlıq təşəbbüslərinə dəstək
Ötən illərə nəzər salsaq, liberal-demokratik dövlət olan Azərbaycanın dəfələrlə sülhü, əməkdaşlığı təbliğ edən çağırışlarının şahidi olarıq. Hər zaman ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Azərbaycan öz xarici siyasət xəttini də bu prinsiplərə əsasən qurur. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi və daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu bəyan edir. Azərbaycan ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sadiqliyini nümayiş etdirərək onu uğurla həyata keçirir. Məhz bu səbəbdəndir ki, bu gün dünya Azərbaycanın liderliyini qəbul edir, ölkəmizin irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir.
Pandemiyanın bütün dünyaya sürətlə yayıldığı bir zamanda Azərbaycan Prezidenti sədri olduğu Türk Şurasının fövqəladə Zirvə görüşünü keçirməklə regional əməkdaşlıq çağırışı etdi. Bu Zirvə görüşü ilə Türk Şurası həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Azərbaycan Prezidentinin bu təşəbbüsü üzv dövlətlər tərəfindən də dəstəkləndi və belə ağır məqamda daha sıx əməkdaşlığın zəruriliyi vurğulandı. Bu Zirvə görüşündən bir müddət sonra Türk Şurasına üzv və müşahidəçi ölkələrin İqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələrində isə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həyata keçiriləcək praktik tədbirlər müzakirə edildi.
Beynəlxalq münasibətlər sisteminin əsas aktorları ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinə malik ölkəmiz dünya miqyasında böyük hörmət və nüfuza malikdir. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik isə dünya dövlətlərinin Azərbaycana marağının bariz göstəricisidir. Bu gün dünyanın aparıcı mətbuat orqanları, tanınmış siyasətçilər qeyd edirlər ki, Azərbaycanın bu Hərəkata sədrliyi qurumun fəaliyyətində mühüm dönüş yaradıb. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi ilə bağlı əhatəli Tədbirlər Planı hazırlayaraq, buna uyğun praktik fəaliyyətə başlayıb. Ölkəmiz qısa zaman kəsiyində təşkilatın fəaliyyətində əsaslı dəyişikliklər yaratmağı bacarıb. Koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə Azərbaycanın baş verən proseslərə çevik reaksiyası sayəsində mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü Azərbaycanın koronavirus pandemiyası, yaranmış iqtisadi böhranla mübarizədə həmrəylik və əməkdaşlıq təşəbbüsü ilə yanaşı, Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolu artırmaq əzmində olduğunu bir daha nümayiş etdirdi. Həmçinin qeyd olunmalıdır ki, BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyasının sədrinin Zirvə görüşünə qatılması, BMT Baş katibinin və Avropa İttifaqının ali nümayəndəsinin Sammitdə videomüraciətlə çıxış etmələri Azərbaycan Prezidentinə, onun təşəbbüslərinə beynəlxalq miqyasda göstərilən böyük dəstəyin və rəğbətin nümunəsidir.