Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir

08 iyun 2020 | 16:00

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
-Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Məhz XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında ifadə olunan fikirlər də bunu deməyə əsas verir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi böyük önəm kəsb edir.  Prezident İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının,  həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir: “Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir.
Göründüyü kimi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir.

Keçidlər