Sərhədlərin bağlandığı dövrdə müasir texnologiyalar vasitəsilə qurulan əlaqələr
Azərbaycan son illər həyatın müxtəlif sahələrində rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verir. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizdə bu istiqamətdə görüləcək işlər aydın şəkildə əks olunub. Ötən müddət ərzində dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi, İKT sahəsində bilik və bacarıqların artırılması, rəqəmsal təhsilin inkişafı, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması və digər bu kimi istiqamətlər üzrə mühüm addımlar atılıb.
Əlbəttə ki, ölkələr arasında sərhədlərin bağlandığı, insanlar arasında ünsiyyətlərin minimuma endirildiyi, sosial məsafələrin saxlanılmasının vacibliyinin vurğulandığı bir dönəmdə müasir texnologiyaların imkanlarından geniş istifadə zərurəti yarandı. Azərbaycanda yaradılan İKT infrastrukturu bu müddətdə müasir texnoloji yeniliklərin tətbiqinə imkan verir. Dövlət orqanlarında videokonfransların təşkili, elektron hökumətin inkişafı mərkəzi icazələrin alınması və monitorinqi sistemi, həmçinin digər bu kimi addımlar ölkəmizdə müxtəlif sahələrin rəqəmsallaşdırılması, İKT infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan addımların səmərəliliyini nümayiş etdirir.
Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da Azərbaycanda bu istiqamətdə görülən işlər təqdir edildi. Qeyd edək ki, pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən hər iki Zirvə görüşü CISCO-nun teleiştirak texnologiyasından istifadə edilməklə təşkil olunmuşdu. Əlbəttə ki, bu fakt özü həmin şirkətin nüfuzundan xəbər verir. Amerika Birləşmiş Ştatlarının və dünyanın yüksək texnologiyalar sahəsində ixtisaslaşmış ən nüfuzlu şirkətlərindən olan CISCO 1984-cü ildə qurulub. Korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkət müxtəlif ölkələrlə, o cümlədən Azərbaycan ilə əməkdaşlıq edir. Bu şirkət Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ASAN xidmət”lə yaxından əməkdaşlıq edir. Həmçinin şirkət ölkəmizdə bir sıra mühüm tədbirlərin təşkil olunmasında da iştirak edib. Bundan əlavə, “Ağıllı kənd təsərrüfatı” və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək üçün Azərbaycan tərəfi ilə birlikdə iş aparılır. “Ağıllı şəhər” layihəsi çərçivəsində isə “Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı” pilot layihə konsepsiyası uğurla tamamlanıb və bir sıra digər layihələr üzrə iş aparılır. Dövlətimizin başçısının bundan əvvəl də CISCO şirkətinin rəhbərləri ilə keçirilən görüşləri, aparılan müzakirələr əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən videokonfransda da görülən işlər nəzərdən keçirildi, perspektiv layihələrlə bağlı məsələlər diqqət mərkəzində oldu. Bu videokonfransın özü bir daha Azərbaycanın müasir texnoloji inkişafla ayaqlaşdığını, İKT infrastrukturunun qurulması istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını deməyə əsas verir.