Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev: Münaqişənin həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır...

04 iyun 2020 | 16:00

Prezident İlham Əliyev iyunun 3-ü Tərtərdə bir qrup idmançı ilə görüşüb. Çıxışında Qarabağ münaqişəsinə də toxunan dövlət başçısı deyib: “Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə əlaqədar müvafiq bəyanatlar veriblər. Bizim bir çox ölkə ilə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq bəyannamələrində ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir.
Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkisi keçirilib. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıb, ictimaiyyətə təqdim edib. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndəsi həbs olunub, nə qədəri axtarışa verilib. Bu o deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki, azadlıqda. Onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb.
Bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzib. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıb. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, azərbaycanlıların tarixi irsi silinib. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub.
Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejiminin keçirdiyi saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb.
Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır.
Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara – Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var.
Münaqişənin həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin”.

Keçidlər