Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı

04 iyun 2020 | 16:00

1993-cü ilin 4 iyun hadisələrindən 27 il ötür
Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır.
Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru spesifik, əvəzolunmaz rol oynayıb.
Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlər və kataklizmlərlə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. Xüsusilə də, AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi...
Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kuliminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bütün bunlar isə ölkəni vətəndaş müharibəsinə sürükləyən dağıdıcı tendensiyaların pik nöqtəsi idi. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi.
4 iyun hadisələri dövründə xaos və hakimiyyət böhranı hökm sürürdü. Şübhəsiz, bütün bu sadalananlar belə bir nəticəyə gəlməyə imkan verir ki, AXC-Müsavat dövrünün hakimiyyət boşluğundan və təcrübəsizliyindən istifadə edən xarici qüvvələr özlərinin dağıdıcı niyyətlərini ölkəmizdə reallaşdırmaq üçün müxtəlif metod və vasitələrə istinad edirdilər. Bu zaman onlar daha çox iki klassik üsul üzərindən taktiki manevrlər edirdilər. Bunlardan biri taktiki manevrləri ayrı-ayrı ölkədaxili subyektlər üzərində qurmaqla məqsədə nail olmaq, digəri isə açıq surətdə zor işlətməklə - uzurpasiya vasitəsilə son hədəfə çatmaq idi. İkinci variant üzərində durmaqla son məqsədə çatmaq real və perspektivli olmadığından bəhs edilən subyektlər daha çox birinci üsul üzərindən hərəkət edirdilər. O zamankı iqtidar diplomatik resursları və strateji idarəetmə potensialı ilə bunun qarşısını almaqda aciz idi. Bu baxımdan, Surət Hüseynovun başlatdığı 4 iyun hadisələri də Azərbaycanda AXC-Müsavat iqtidarının heç bir təsirə və gücə malik olmadığının göstəricisi idi. Başqa sözlə, məhz AXC-Müsavat hakimiyyəti dönəmində ölkədə tam bir xaos və anarxiya yarandı, daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Daxili və xarici siyasətin səmərəsizliyi Azərbaycanı bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qoydu.
Əslində, 4 iyun hadisələri dövründə hakimiyyət böhranı baş verirdi və hakimiyyətin həyata keçirdiyi, vahid mərama söykənməyən siyasət müstəqil, mütəşəkkil deyildi. Məlum hadisələr hakimiyyət daxilindəki ziddiyyətləri ortaya çıxarmaqla yanaşı, xarici qüvvələrin Azərbaycana qarşı məkrli planlar həyata keçirməsində həmin dövrdəki hakimiyyətin nümayəndələrindən məharətlə istifadə etməsinin göstəricisi idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin böhran və daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi
Göründüyü kimi, Azərbaycan olduqca mürəkkəb situasiya ilə üzləşmişdi: ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-i ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı səmərəli addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Nəticə etibarilə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Bir məqama xüsusi olaraq nəzər salmaq lazımdır. Belə ki, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşüb
Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə milli maraqlara müvafiq surətdə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın xarici əlaqələri genişlənməyə başladı, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi.
Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı.
Müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”.
Uğurlu strateji kursun nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, məqsədyönlü və prinsipial siyasət həyata keçirilir, bunun nəticəsində Azərbaycan qüdrətli dövlət kimi tərəqqi yolunda əmin addımlarla irəliləyir. Həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq güclənir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılır, Azərbaycanın beynəlxalq əlaqələri uğurla inkişaf edir. Şübhəsiz ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir.

Keçidlər