Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirus infeksiyasının ölkədə geniş yayılmasının qarşısını almağa imkan verib

26 may 2020 | 16:00

Prezident İlham Əliyev: Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar
Məlumdur ki, dünyanı cənginə alan yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayıldığı bir çox ölkədə kütləvi ölümlər qeydə alınıb, ciddi sosial-iqtisadi fəsadlar meydana çıxıb. Azərbaycanda isə koronavirus pandemiyasının ölkə miqyasında geniş yayılmasının qarşısının alınması və onun fəsadlarının minimuma endirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında zəruri qabaqlayıcı tədbirlər görülüb ki, bu da öz səmərəsini verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizdə pandemiyaya qarşı mübarizənin düzgün təşkil edildiyinə diqqət çəkərək vurğulayıb: “Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar”.
Pandemiya dövründə xalqımızı, vətəndaşlarımızı  bu xəstəlikdən qorumaq əsas məqsəd kimi müəyyənləşdirilib
İndiyədək Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri müxtəlif istiqamətləri əhatə edib. Bu barədə söhbət açarkən ölkəmizdə virusa yoluxma faktı qeydə alınandan sonra mərhələli şəkildə reallaşdırılan məhdudlaşdırıcı və sosial izolyasiya tədbirlərinin önəmini xüsusi qeyd edə bilərik. Respublikamızda operativ qaydada həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin önəmindən bəhs edən Prezident İlham Əliyev “Qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm, başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da, görülmüş işlərin məntiqi nəticəsidir”, - deyə vurğulayıb.
Ölkəmizdə pandemiya şəraitində insanların sağlamlığının, həyatının qorunması əsas prioritet kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Çünki respublikamızda insan amilinə yüksək dəyər verilir. Bəhs olunan müsahibəsində pandemiya şəraitində ölkəmizin əsas prioritetlərinə diqqət çəkən dövlətimizin başçısı qeyd edib: “Bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.
Respublikamızda pandemiya şəraitində insanların həyatını təhlükəli virusdan qorumaq məqsədilə elə ilk mərhələdən başlayaraq genişmiqyaslı səhiyyə tədbirləri görülür. Bu məqamda vurğulamaq yerinə düşər ki, təkmil səhiyyə infrastrukturu ölkəmizdə bu istiqamətdə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verib. Burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyəti yüksək qiymətə layiqdir. Pandemiyanın yaratdığı çətin şəraitdə bütün təşkilati işləri görmək, doğrudan da, böyük nailiyyətdir. Xəstəxanaları, logistika işlərini müəyyənləşdirmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, xaricdə olan vətəndaşlarımızın təxliyəsini həyata keçirmək - bütün bunlar Nazirlər Kabineti yanında Operativ Qərargah, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edilib.
Hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, bu səhiyyə ocaqlarında ancaq koronavirus xəstələri müalicə olunurlar. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunub. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da böyük uğurdur. Eyni zamanda, respublikamızın səhiyyə infrastrukturu daha da genişləndirilir. Ölkə üzrə modul tipli 10 xəstəxananın inşasına başlanıb. Onlardan  birinin açılışı artıq təmin edilib. Modul tipli xəstəxanaların hər biri 200 çarpayılıqdır. Beləliklə, əlavə 2000 yataq xəstələrin ixtiyarına verəcək. Xaricdə yaşayan soydaşlarımızın təxliyəsi də diqqət mərkəzində saxlanılır. Təxliyə işlərinin mütəşəkkil qaydada aparıldığını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək. Ən çox təxliyə edilmiş vətəndaşlarımız Rusiyadan gəlib. Bu günə qədər Rusiyadan 6500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada”.
Ölkəmizdə pandemiya şəraitində geniş sosial dəstək proqramı həyata keçirilir
Pandemiyanın yarada biləcəyi mənfi sosial-iqtisadi nəticələrin qarşısının alınması məqsədilə Azərbaycan dövləti əhatə dairəsi kifayət qədər geniş olan məşğulluğa və sosial rifaha dəstək proqramı reallaşdırır. Ölkəmizdə, Prezident İlham Əliyevin bildirdiyi kimi, sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib. Eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Pandemiya şəraitində işləməyən, işini itirən, o cümlədən qeyri-formal əmək fəaiyyəti göstərən insanların sosial təminatı təşkil edilərək onların hər birinə 190 manat vəsait ayrılıb. Bu kateqoriyadan olan insanların sayı heç də az deyil, dövlət başçısınınhumanist təşəbbüsü ilə onların sayı 200 mindən 600 minə çatdırılıb. Paralel şəkildə ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilib. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Eyni zamanda, yenə də dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinə cəlb olunan vətəndaşların sayı artırılır. Belə ki, ölkəmizdə 90 min ödənişli ictimai iş yerinin açılması nəzərdə tutulub. Cari ildə respublikamızda özünüməşğulluq proqramına cəlb olunan insanların sayının 12 minə çatdırılması planlaşdırılıb.
Respublikamızda, həmçinin pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə və mikrosahibkarlara müvafiq dəstək proqramı həyata keçirilir. İndiyədək sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 21 min 817 vergi ödəyicisinə 43 milyon 585 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən  87 min 300 fərdi (mikro) sahibkara 52 milyon 515 min manat olmaqla, ümumilikdə 109 min 117 vergi ödəyicisinə 96 milyon 106 min manat vəsaiti onların müvafiq agent banklarda olan  hesablarına köçürüb və proses davam etdirilir.
İndiki yumşalma prosesində əsas amil vətəndaşların məsuliyyəti olacaq
Bəhs olunan müsahibəsində Prezident İlham Əliyev daha bir mühüm məsələyə diqqət çəkib. Söhbət pandemiyaya qarşı mübarizədə vətəndaşların məsuliyyəti məsələsindən gedir. Dövlət başçımız vətəndaşlara çağırış edərək vurğulayıb:  “İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir”.
Qeyd edək ki, respublikamızda aprelin 27-dən başlayaraq sərt karantin rejiminin yumşaldılmasına başlanılıb. Bu proses mərhələli şəkildə həyata keçirilir. İndiyədək bir sıra məhdudlaşdırıcı tədbirlər aradan qaldırılıb - Bakı metropoliteni fəaliyyətə başlayıb, SMS-lə icazə sistemi ləğv olunub, parklara giriş məhdudiyyətinə son qoyulub və s. Təəssüf doğuran haldır ki, sərt karantin rejiminin yumşaldılması ilə paralel şəkildə ölkə miqyasında virusa yoluxma faktlarının sayı da artmağa başlayıb. Ancaq bu gün vəziyyət tam nəzarətdədir. Bütövlükdə, hər birimiz müəyyən olunmuş qaydalara, o cümlədən sanitar-epidemioloji qaydalara ciddi şəkildə əməl etməliyik. Biz yalnız birgə səylərimizlə pandemiyaya qalib gələ bilərik.

Keçidlər