Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNUN TİBB İŞÇİLƏRİ KORONAVİRUSLA MÜBARİZƏDƏ ƏZMKARLIQ NÜMAYİŞ ETDİRİRLƏR

21 may 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan dövləti də təxirəsalınmaz tədbirlər həyata keçirir. Prezident cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilir.
Bu uğurun əldə edilməsində həkimlərin, tibb işçilərinin də rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.
Ölkə rəhbəri cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır. Ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışı, Birinci vitse-prezidentin ana, bacı, nənə kimi vətəndaşlarımıza çağırışlar etməsi ölkəmizdəki birliyin, həmrəyliyin, dövlət dəstəyinin təcəssümüdür, respublikamızdakı mövcud vəziyyətdə dövlət-xalq birliyini bütün dünyaya nümayiş etdirir. 
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət, əzmkarlıq nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən gəlməyə çalışırlar.
Bildiyimiz kimi koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Həmçinin sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılır.
Koronovirusa (COVİD-19) qarşı aparılan tədbirlər çərçivəsində Daşkəsəndə 11 min nəfərdən çox sakin tibbi sorğudan keçirilmiş, 600 nəfərdən çox sakindən isə virusa görə yaxma götürülərək Şəmkir regional taun əleyhinə şöbəninin laboratoriyasına göndərilmişdir. Gündəlik olaraq əhalinin müayinələrdən və koronavirus testindən keçirilməsi həyata keçirilir.
Prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və Daşkəsən rayonunda da xüsusi karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətin atdığı addımlar xalqımızı daha ayıq-sayıq olmağa sövq edir. Bu tədbirlərin nəticəsidir ki, infeksiyanın yayılmasına rəvac verən bütün amillər ölkəmizdə, o cümlədən Daşkəsəndə aradan qaldırılır, profilaktik və maarifləndirmə işləri fasiləsiz davam etdirilir.
Koronavirusla mübarizədə gərgin əmək sərf edən bütün tibb işçilərinə gələcək işlərində uğurlar arzulayırıq və inanırıq ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəla tez bir zamanda aradan qalxacaqdır.

Keçidlər