Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

6 noyabr – Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

06 noyabr 2024 | 09:07

 57 il bundan əvvəl, 1967-ci ilin noyabrın 6-da Bakı şəhəri tarixinin mühüm səhifələrindən birinə çevirən hadisə oldu: Bakıda metropoliten istifadəyə verildi. 5 stansiyadan ibarət - "Bakı Soveti" (indiki - "İçərişəhər"), "Sahil", "28 Aprel" (indiki - "28 May"), "Gənclik" və "Nərimanov" 9,2 km-lik yeraltı xətt istifadəyə verildi.

 Azərbaycan paytaxtının nəqliyyat sektorunun aparıcı seqmenti olan metropolitenin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin respublika rəhbəri seçilməsindən bir il sonra “Ulduz” stansiyasının açılışı oldu və bununla da Bakı metrosunun həyatında yeni mərhələnin başlanğıcı qoyuldu. “28 May-Nizami” mənzili istiqamətində işlərə başlanıldı. Çox keçmədi, metro xətti böyük sənaye rayonunu mərkəzə yaxınlaşdıran “Ulduz”dan sosial-iqtisadi əhəmiyyətli ərazi kimi “8-ci kilometr” adlandırılan yaşayış sahəsinə çatdı. 1972-ci il noyabrın 6-da 3 stansiya - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyaları istismara verildi.

 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikada siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, Bakı metropolitenində də intibah dövrünün başlanğıcını qoydu. Metropolitenin texniki təchizatında dönüş yarandı. Vaqon təchizatı ilə bağlı “Metrovaqonmaş”la əlaqələr şəxsən Heydər Əliyevin nüfuzu və diplomatik təsir gücü ilə formalaşdı. Vaqonlara olan kəskin ehtiyacın aradan qalxması isə metropolitenə yenidən nümunəvi xidmət imkanlarını qaytardı.

 Ümummilli Liderin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metropolitenin cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idi. Sonrakı dövrdə yeraltı polad magistral iki dəfədən də artıq böyüdü, 14 yeni stansiya inşa edildi. Beləliklə, Bakıda o dövr üçün mövcud 35 kilometrə yaxın metro xətlərinin 21,5 kilometri məhz Heydər Əliyevin vaxtında və birbaşa dəstəyi ilə inşa edildi.

 Metropolitenin gələcəyi barədə “Müstəqil Azərbaycan dövləti və onun prezidenti bundan sonra da metro tikintisinə böyük diqqət yetirəcək və mövcud metronun yüksək səviyyədə istifadə edilməsini daim öz nəzarəti altında saxlayacaqdır”, - deyən Heydər Əliyevin arzuları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin quruculuq işləri ilə gerçəkləşdirilir. 2006-cı ildə məhz dövlətimizin başçısının ayırdığı vəsait hesabına Ulu Öndərin Moskvada ikən dəstəyi ilə bir qismi inşa edilmiş tunellərin tikintisi başa çatdırıldı. 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının, “28 May” stansiyasının ikinci çıxışının sərnişinlərin istifadəsinə verilməsi yeni inkişaf dövrünün başlanğıcı oldu. Bu müddətdə “İçərişəhər” və “Koroğlu” stansiyaları da yenidən quruldu. Ən müasir inşaat texnologiyalarının tətbiqi ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı tikilərək istifadəyə verildi. Müstəqillik tarixinin inşasına başlanmış ilk xətti – “Bənövşəyi xətt”in ilk iki stansiyası (“Avtovağzal və “Memar Əcəmi”) 2016-cı ildə fəaliyyətə başladı.

 2020-ci ildə Azərbaycan tarixinə ən şanlı səhifələrdən biri – Ermənistanın 30 il davam edən işğalçılıq siyasətini iflasa uğradan Zəfər tarixi yazılaraq Qarabağ və Şərqi Zəngəzur Ermənistan silahlı qüvvələrinin tapdağından azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə stansiyalarının adlarında müstəqil Azərbaycanın rəmzinə çevrilmiş tarixləri yaşadan metropoliten 8 Noyabr tarixini də qürurla əbədiləşdirdi, 2021-ci ildə “8 Noyabr” stansiyası istismara verildi.

 1967-ci il noyabrın 6-da istifadəyə verilməklə böyük inkişaf yoluna başlayan Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

 Prezident cənab İlham Əliyevin rəhbərliyi qəbul olunmuş konseptual inkişaf planına uyğun olaraq, metropolitenin xətlərinin uzunluğu 119,1 kilometrə, stansiyaların sayı 76-ya çatdırılacaq.

Bu gün dünya ölkələrində 200-dən artıq metropoliten var. Azərbaycan paytaxtının da onların arasında öz yerini tutması və bunun Azərbaycanın milli sərvəti kimi tarixi dəyər qazanması keçmişə hörmət və ehtiram, gələcəyə isə inam mənbəyidir.

 Prezident cənab İlham Əliyevin 28 oktyabr 2008-ci il tarixli 1758 nömərəli Sərəncamı ilə hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 Peşə bayramları günü münasibətilə metropolitenin kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

Keçidlər