Daşkəsən rayonunda 28 May Respublika günü ilə bağlı tədbirlər davam etdirilir
Daşkəsən rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü silsilə tədbirlərlə geniş qeyd olunmaqdadır. Bu, səbəbsiz deyildir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, yığıncaqlar, iməciliklər və digər mədəni-kütləvi tədbirlər keçirilir.
Bu gün də 28 May Respublika günü ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin bilavastə rəhbərliyi və iştirakı ilə rayondaxili iməciliklər davam etdirilmişdir. Rayonun ərazisində bütün idarə, müəssisə və təşkilatlar küçələrdə, yollarda səliqə-səhman yaradılmasında, təmizlik işlərində, müvafiq ərazilərə ağac tinglərinin və gül kollarının əkilməsində, ərazilərin yaşıllaşdırılmasında fəallıq göstərmişlər. Zağalı-Kollu-Çıraqlı avtomobil yolunda əsaslı tikinti adi iş günlərindəkinə nisbətən daha sürətlə aparılmışdır.
Aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə xüsusi diqqətlə yanaşan, görülən bütün işlərin ən müasir səviyyədə qurulmasına maraq göstərən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayonun sərt iqlim şəraitinə baxmayaraq yorulmaq bilmədən çalışmaqdadır. İcra Başçısının işə belə münasibəti, daşkəsənlilərə olan böyük diqqət və qayğısı Ə.Abıyevi daşkəsənlilərin sevimlisinə çevirmişdir. Daşkəsənlilər – uşaqdan böyüyə qədər əlamətdar günlərdə ürəklərinin istəyi ilə ümumxalq iməciliklərində, bütün kütləvi tədbirlərdə böyük fəallıq, işgüzarlıq nümayiş etdirirlər. Bu, Əhəd Abıyevin əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin yüz illərə hesablanmış müdrik siyasətinə və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünyada şöhrət tapan daxili və xarici siyasətinə əməli işi ilə yaratdığı böyük ideoloji təminatın nəticəsidir.
Daşkəsən şəhərinin siması çəkilən gərgin zəhmətin nəticəsində bütün ölkə ərazisində olduğu kimi günbəgün daha da gözəlləşməkdədir.
İməcilik keçirilən yerlərə, əkilən ağaclara, yaradılmış yaşıllıqlara, səliqə-səhmana, tikilən yeni binalara, çəkilən yollara baxdıqca daxilən sevinc hissi keçirirsən.