Daşkəsəndə koronavirus pandemiyası ilə əlaqədar maarifləndirici söhbətlər və dezinfeksiya işləri davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə yerlərdə mobil qruplar təşkil edilmişdir.
Rayonun bütün kənd və qəsəbələrində İcra Hakimiyyəti, bələdiyyə və polis şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər edir, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaqları barədə xəbərdar edilirlər. Proses xüsusi karantin dövrü ərzində müntəzəm olaraq aparılacaqdır.
Rayon ərazisində epidemioloji durum Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış xüsusi Qərargah tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir.
İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, o cümlədən kənd və qəsəbələrdə gündəlik dezinfeksiya işləri aparılır.