DAŞKƏSƏN RAYONUNDA KÜTLƏVİ DEZİNFEKSİYA İŞLƏRİ APARILIR
Daşkəsən rayonunda mütəmadi olaraq həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi vacib yer tutur.
Koronavirus (COVİD - 19) infeksiyasının Daşkəsən rayonu ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən rayon ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçı Əhəd Abıyevin tapşırığı ilə əvvəlcədən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
Bu istiqamətdə işlərin yüksək səviyyədə təşkili üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, şəhər kommunal müəssisələri kombinatının rəhbərliyinə, kənd icra nümayəndələrinə aidiyyəti göstərişlər verilib, bələdiyyələr məlumatlandırılıb. Görülən işlər barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri görülür.
Həmçinin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır.
Kütləvi tədbirlərin aparılmasına dezinfeksiya bölməsinin 16 işçisi cəlb edilmişdir.
Görülən bütün işlər Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən müvafiq kimyəvi preparatlarla aparılır. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Rayon ərazində fəaliyyət göstərən 12 məktəbəqədər təhsil müəssisəsinin hamısında, o cümlədən 64 obyektdə artıq dezinfeksiya işləri başa çatdırılıb. Bu sahədə işlər davam etdirilir.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini