DAŞKƏSƏN RAYONUNDA SHXÇDX-NİN YARADILMASININ 8 İLLİYİ QEYD OLUNUB
Daşkəsən Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə fevralın 13-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının səkkiz illik yubileyi qeyd olunub.
Tədbirdə Daşkəsən RİH-in başçısı Əhəd Abıyev, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi, mayor Aqşin Xancanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, ziyalılar, ağsaqqallar, şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bayram tədbirində çıxış edib. O deyib:
- Əvvəla, mən başda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant hörmətli Arzu Rəhimov olmaqla, Xidmətin bütün şəxsi heyətini, o cümlədən Daşkəsən rayon bölməsinin rəisi, mayor Aqşin Xancanovun simasında bölmənin əməkdaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə Daşkəsən rayon ictimaiyyəti və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm, bu məsuliyyətli və şərəfli işinizdə sizlərə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram.
Məlum olduğu kimi, möhtərəm Prezident cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu gün Dövlət Xidmətinin yaradılmasından 8 il ötür.
Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurlu inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verib.
Belə ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm tədbirlər görülüb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan bütün insanları sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük, hər zaman səfərbər olmağa hazırıq.
Bunu biz daşkəsənlilər əməlimizlə də təsdiq etmişik. Qeyd edim ki, ötən dövrlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səfərbərlik təlimlərinin keçirilməsi haqqında verdiyi tapşırıqlar Daşkəsən rayonunda uğurla icra edilmişdir. Hərbi vəzifəlilərin və texnikaların qısa müddət ərzində təyin olunmuş hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilmişdir.
Xidmət tərəfindən yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində rayonumuzda görülən işlər yüksək qiymətləndirilməlidir. Bu məqsədlə mütəmadi olaraq mədəni-kütləvi tədbirlər təşkil olunur. Xüsusən çağırış yaşlı gənclərin rayon ictimaiyyətinin iştirakı ilə təntənəli surətdə hərbi xidmətə yola salınması və qarşılanması mərasimləri əsl bayram ovqatında keçirilir.
İnanırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqdır. Bu yolda onlara uzun ömür, möhkəm can sağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Vətən naminə fədakarlıq göstərən, əziz insanlar, peşə bayramınız bir daha mübarək olsun!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!
SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi, mayor Aqşin Xancanov çıxışında xidmətin fəaliyyət göstərdiyi 8 il ərzində qazanılmış nailiyyətlər, əldə olunmuş uğurlar barədə məlumat verib.
Digər çıxış edənlər də gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıblar.
Bundan sonra Xidmətin rayon bölməsinin fəaliyyətində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar verilib.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini