Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Dəstəfur kəndində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib və fevralın 4-də Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət barədə məlumat verib

05 fevral 2020 | 16:00

Fevralın 5-də Dəstəfur kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar qəbul-görüşdə çıxış edərək Daşkəsən rayonunda görülən işlər, icra edilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib. Əhəd Abıyev qeyd edib ki, Dəstəfur kəndində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb. Belə ki, ötən dövrlərdə Dəstəfur kəndinə gələn avtomobil yolunda olan körpü əsaslı təmir edilib, bir çox abadlıq-quruculuq tədbirləri həyata keçirilib, ən əsası isə sakinlər tərəfindən qaldırılan problemlərin həll edilməsi daim diqqət mərkəzində saxlanılıb.
Əhəd Abıyev bildirib ki, fevralın 4-də Daşkəsən rayonu ərazisində güclü küləyin əsməsi – qasırğa nəticəsində Daşkəsən şəhərinin, o cümlədən rayonun qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, elektrik və rabitə təsərrüfatlarına ciddi ziyan dəymişdir. Təbii fəlakət əsasən Daşkəsən şəhərində 4 çoxmənzilli yaşayış binasının dam örtüyünə daha çox ziyan vurmuşdur. Rayon ərazisində elektrik enerjisinin verilməsində ümumilikdə 4 saat fasilə yaranmışdır. Elektrik dayaqlarının aşması nəticəsində Zəylik və Quytul kəndlərində 30 abonentin elektrik enerjisi ilə təchizatında hələ də məhdudiyyət vardır. Daşkəsən Rayon İcra Hakimiyyətində yaradılmış müvafiq komissiya tərəfindən dəymiş ziyanların həcminin müəyyənləşdirilməsi işlər aparılır. Dəymiş ziyanların nəticələrini aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlar həmin işlərə cəlb olunmuşlar.
Rayon rəhbəri qarşıdan gələn Parlament seçkilərinə də toxunub. Deyib ki, fevralın 9-da keçiriləcək Parlament seçkiləri də bütün seçkilərdə olduğu kimi, şəffaf, demokratik, azad bir seçki olacaqdır və kənd sakinləri fəallıq göstərərək öz bəyəndikləri namizədə səs verəcəklər.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Müraciətlər kəndə gələn avtomobil yolunun təmiri, köhnə elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma, uşaq bağçasının əsaslı təmir olunması və digər məsələlər ilə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini

Keçidlər