Daşkəsəndə 2 fevral Gənclər günü münasibətilə dəyirmi masa keçirilib
Yanvarın 30-da Daşkəsəndə Azərbaycan Gəncləri gününün 23-cü ildönümü ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə rayonun fəal gəncləri, eyni zamanda məktəblilər iştirak ediblər.
Rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov 2 fevral Azərbaycan gəncləri gününün 23-cü ildönümü münasibəti ilə toplantı iştirakçılarını təbrik edib, 2019-cu ildə idarə tərəfindən görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyev ideyalarına, Prezident cənab İlham Əliyevə hər bir daşkəsənli gənc qəlbində böyük hörmət və məhəbbət hissi gəzdirir.
Samir Həsənov gənclərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə rayon gəncləri adından minnətdarlığını bildirib, rayon rəhbərliyini əmin edib ki, Gənclər və İdman idarəsi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyətini həmişə olduğu kimi bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev çıxış edərək gənclərə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təbriklərini çatdırıb. Qeyd edib ki, ötən dövrdə rayonda bir çox tədbirlər – gənclər arasında bilik yarışları, rəsm və inşa yazı müsabiqələri, idman festivalı keçirilib, gənclərlə görüşlər təşkil olunub, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideologiyasından, Vətənimizin tarixindən, milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin düzgün dini maarifləndirilməsi mövzularında söhbətlər aparılıb, ətraflı məlumatlar verilib.
Rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva və digərləri nitq söyləyərək ölkəmizdə və rayonumuzda gənclərə göstərilən diqqət və qayğıdan, müasir Azərbaycan gəncliyinin müstəqilliyimizə bəxş etdikləri layiqli töhfələrdən, gəncliyin qarşısında duran vəzifələrdən söhbət açıblar.
Tədbirin sonunda rayonun ictimai həyatında, müxtəlif yarışlarda, mədəni-kütləvi tədbirlərdə fərqlənən gənclərə Gənclər və İdman idarəsi və Mədəniyyət Mərkəzi adından qiymətli hədiyyələr təqdim olunub.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini