Daşkəsəndə icbari tibbi sığortaya keçidlə əlaqədar maarifləndirmə tədbiri keçirilib.
Dekabrın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi” mövzusunda görüş keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Elvin Abbasov və Azər Dəmirov, ərazi icra nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəb və uşaq bağçalarının direktorları, rayon mərkəzi xəstəxanasının işçiləri, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev 2020-ci ildə ölkəmizdə tətbiq olunacaq icbari tibbi sığortanın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşlarımız, onların rifah halının yüksəldilməsi, insanların gündəlik qayğıları durur. Azərbaycan əhalisinin sağlamlığının qorunması dövlətimizin əsas daxili siyasət istiqamətlərindədir və Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi artıq hədəf deyil, reallıqdır və bu reallıqdan milyonlarla vətəndaşımız çox tezliklə faydalanacaqdır.
Agentliyin əməkdaşları iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə məlumat veriblər. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini qurumlara işin təşkilatçısı