Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib
Dekabrın 25-də rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və sakinlərin iştirakı ilə keçirilən növbəti səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əvvəlcə sakinləri qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib, ən xoş istəklərini və arzularını bildirib.
Əhəd Abıyev çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və Daşkəsən rayonunda həyata keçirilən geniş miqyaslı quruculuq işləri, icra olunan layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Həmçinin Yuxarı Daşkəsən qəsəbə sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, qəsəbə əhalisi bu gün fasiləsiz olaraq elektrik enerjisi, qaz, rabitə, içməli su ilə təmin olunur, 200 yerlik tam orta məktəbin binası yenidən tikilib, ərazidə xeyli abadlıq işləri aparılıb.
Rayon rəhbəri qarşıda duran vəzifələr barədə də danışıb.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Müraciətlər qəsəbə daxili yolların asfaltlaşdırılması, köhnə elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma, uşaq bağçasının əsaslı təmir olunması və digər məsələlər ilə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bir qismi də nəzarətə götürülüb.
Qəbul-görüşdə Əhəd Abıyev YAP sıralarına yeni qəbul olunmuş sakinlərə partiyanın üzvlük vəsiqələrini təqdim edib.
Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı