DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV KƏMƏRQAYA KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Dekabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq belə görüşlərin möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Əhəd Abıyev son illər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən diqqət və qayğıdan danışıb, Daşkəsən rayonunda, o cümlədən Kəmərqaya kəndində görülmüş işlər barədə geniş məlumat verib. O, çıxışında vurğulayıb ki, ötən illərdə Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəbdə, kəndin elektrik və rabitə xətlərində təmir-bərpa işləri aparılmış, yol infrastrukturu yaxşılaşdırılmış, bir sıra sosialyönümlü layihələr həyata keçirilmiş, ən əsası isə kəndin tezliklə qazlaşdırılması nəzərdə tutulmuşdur.
Rayon rəhbəri onu da bildirib ki, Kəmərqaya kəndi turistik potensiala malikdir və ildən-ilə kəndə istirahət üçün gələn yerli turistlərin sayı artmaqdadır. Bu məqsədlə də pilot layihə çərçivəsində kənddə 10 ev seçilmiş və həmin evlər artıq təmir edilərək turistlərin istifadəsinə verilmişdir.
Əhəd Abıyev sakinlərlə görüşündə vurğulamışdır ki, gələn həftə keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı bu kənddən də namizədlər müəyyənləşib. Tam əminliyini bildirmişdir ki, bütün seçkilərdə olduğu kimi, bu seçki də şəffaf, demokratik və azad bir seçki olacaqdır. Kənd sakinləri seçkidə fəallıq göstərəcəklər.
Sonra sakinlərin müraciətləri dinlənilib. Sakinlər müraciətlərində kəndin qazlaşdırılmasını, yeni su xəttinin çəkilməsini, işlə təmin olunma, özünəməşğulluq proqramı çərçivəsində mal-qaranın verilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Əhəd Abıyev sakinlər tərəfindən qaldırılmış müraciətlərin icrasına dair aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bir qismi isə nəzarətə götürülüb.
Kəmərqaya kənd sakinləri görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı