Daşkəsən rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev vətəndaşları qəbul edib
Noyabrın 20-də Daşkəsən rayonunda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədr müavini Əvəz Qocayev vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nın idarə heyətinin sədr müavini Əvəz Qocayev və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Cavanşir Qocayev və Namiq Süleymanov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Keçirilən qəbulda Daşkəsən rayonundan olan vətəndaşların müraciətlərinə baxılıb. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşın müraciəti dinlənilərək qaldırılan məsələlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Daşkəsən rayon sakinləri bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı