Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev növbəti səyyar qəbulunu rayonun Dardərə kəndində keçirib

23 oktyabr 2019 | 16:00

Daşkəsəndə əhalinin problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev oktyabrın 23-də Əhmədli kənd inzibati ərazi vahidliyinə daxil olan Dardərə kəndində növbəti səyyar qəbulunu keçirib.
       Açıq havada keçirilən qəbulu giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
-  Ölkə başçısı cənab İlham Əliyevin səyyar qəbullarla bağlı tapşırıq və tövsiyəsinə əsasən Dardərə kəndində təşkil olunan görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirlər.
Əvvəlki səyyar qəbullarda olduğu kimi bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həllidir. Vurğulamaq istəyirəm ki,  vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək daxili imkanlar hesabına operativ şəkildə yerində həll edirik, əgər ehtiyac olduğu halda Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırırıq, icrası nəzarətə götürülür.
Daşkəsən rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən həm rayon mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır. Belə ki, Daşkəsənin ən ucqar dağ kəndlərinə ardıcıl şəkildə müasir yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi, qazlaşdırılma və elektrik təchizatının, irimiqyaslı su və kanalizasiya layihəsinin icrası sahəsində işlər davam etdirilir. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sizləri ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə dəstək olmağa və hər birinizi ölkə rəhbərimizin  ətrafında həmişə olduğu kimi daha sıx birləşməyə  çağırıram.
İndi də xahiş edirəm, istər kəndlə, istərsə də şəxsi məsələlərlə bağlı  müraciətlərinizi edəsiniz.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi, kəndə gələn yolun təmiri və digər şəxsi məsələlər haqqında  olub.
Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində müsbət həll olunub.
Qəbul-görüşdə bir qrup YAP fəallarına – Dardərə kənd sakinlərinə  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən Partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Dardərə kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

 

Keçidlər