Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV GÜNEYKƏND KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

09 oktyabr 2019 | 16:00

Oktyabrın 9-da ucqar dağlıq ərazidə yerləşən Güneykənd kəndində keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinləri salamladıqdan sonra nitq söyləyib.
O, çıxışında deyib:
- Bu gün – oktyabrın 9-da ölkə başçısı cənab İlham Əliyevin səyyar qəbullarla bağlı tapşırıq və tövsiyəsinə əsasən Güneykənddə təşkil olunan görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirlər.
Fürsətdən istifadə edib möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək etimad göstərərək hörmətli Əli Əsədovu Baş Nazir vəzifəsinə təyin etməsi münasibətlə biz daşkəsənlilər də onu təbrik edirik və cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsində hörmətli Əli müəllimin işində uğurlar arzulayırıq.
Əvvəlki səyyar qəbullarda olduğu kimi bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həllidir. Ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək daxili imkanlar hesabına operativ şəkildə yerindəcə həll edirik, ehtiyac olduğu halda Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyətı nazirliklər və təşkilatlar qarşısında məsələ  qaldırırıq və icrası nəzarətə götürülür.
Bu gün Daşkəsəndə dövlət proqramına əsasən həm rayon mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır.
Rayonumuzun kəndlərarası yollarına müasir səviyyədə asfalt örtükləri çəkilmiş, Daşkəsən-Əmirvar-Qabaqtəpə, Quşçu-Çovdar-Çaykənd avtomobil yolları, Qabaqtəpə-Astaf yolunda yeni inşa edilib tikilən böyük körpülər, Güneykənd kənd tam orta məktəbinin yeni tikilmiş binası - bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Sizlərə bir məlumat vermək istəyirəm. Ümumi uzunluğu 31 km olan, 7 mindən çox əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən layihə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinləri ilə görüşdə daha sonra bildirmişdir ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev də iştirak edib. Dövlət Başçımız belə mühüm yüksək səviyyəli beynəlxalq tribunadan çıxış edərək “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikirləri ilə Ermənistanın baş naziri Nikol Paşınyana və ermənilərin havadarlarına layiqli cavabını verdi, Qarabağla bağlı xalqımızın qətiyyətli mövqeyini bir daha da hərtərəfli açıqladı və bütün dünya bunu eşidib bildi. Bununla da Paşınyanın Qarabağda kənd əhalisi qarşısında etdiyi sərsəm, əsassız bəyanatları alt-üst oldu.
Soçi görüşü çox mühüm tarixi əhəmiyyətə malikdir. Bu görüş Azərbaycan və Rusiya Prezidentləri arasında etibarlı, mehriban dostluq və qonşuluq münasibətlərini bütün dünyaya göstərməklə, əlaqələrimizin gələcək inkişafına hərtərəfli müsbət töhfə verəcək, istər hərbi, istərsə də siyasi iqtisadi əməkdaşlıq birliyi yaradacaq.
Hörmətli Prezidentimiz İlham Heydər oğlu Əliyevin çox mühüm əhəmiyyətə malik bu tarixi çıxışını biz daşkəsənlilər də sevinərək alqışlayır, bütün Azərbaycan xalqını təbrik edirik.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərini narahat edən məsələləri, problemləri söyləmələrini xahiş edib.
Sakinlərdən Qasımova Sevinc, Rzayeva Təranə, Rüstəmov Adil, Cəfərov Məhəmməd və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Son illər rayonda, eləcə də kəndlərdə görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun Güneykənd kəndində də uğurla həyata keçirildiyini qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.
Qəbulda çıxış edən kənd sakinlərinin müraciətləri kəndə təbii qaz xəttinin çəkilməsi, su keçidinin təmiri və şəxsi problemlərdən ibarət olub.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində müsbət həll olunub.
Görüşdə bir qrup gənc YAP fəallarına Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən Partiyanın üzvlük vəsiqələri təqdim olunub. Vəsiqə alan gənclər dövlətə sədaqətli olduqlarını və ölkə Prezidentinin apardığı siyasəti dəstəklədiklərini bəyan ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev səyyar görüşə yekun vuraraq ölkə başçısının vətəndaşlara olan diqqət və qayğısını qeyd edərək, sakinləri ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə dəstək olmağa və ölkə rəhbərinin  ətrafında həmişə olduğu kimi daha sıx birləşməyə  çağırıb.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

 

Keçidlər