DAŞKƏSƏNDƏ PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLİB
Oktyabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Prokurorluğu ilə birgə prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 101-ci ildönümü münasibətilə tədbir keçirib.
Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.
Sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam edib. Tədbir iştirakçıları Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər.
Tədbiri giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev deyib:
– Bu gün Daşkəsən rayon prokurorluğunun əməkdaşları ilə birlikdə 1 Oktyabr Prokurorluq işçilərinin peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edirik.
Mən başda Respublikanın Baş Prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Zakir Qaralov olmaqla, bütün prokurorluq işçilərini, həmçinin Daşkəsən Rayon Prokurorluğunun əməkdaşlarını 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı münasibətilə ürəkdən təbrik edir, sizlərə bu məsul və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin prokurorluğa dövlət qayğısı və diqqəti ən yüksək səviyyədədir. Möhtərəm Prezidentin müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş dövlət proqramlarının icrası nəticəsində prokurorluq orqanlarında bütün sahələrdə səmərəliliyin artırılması, əməkdaşların peşəkarlığının yüksəldilməsi, həmçinin yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.
Bu gün peşə bayramı münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında Ulu Öndərin misilsiz əməyini minnətdarlıq hissi ilə qeyd edirik. Hər zaman Azərbaycan prokurorluğuna diqqət və qayğısını əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk!
Daşkəsən rayon prokuroru Maarif müəllim başda olmaqla, rayon prokurorluğunun hər bir əməkdaşı Prokurorluq orqanına dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini müasir tələblər səviyyəsində qurmuş, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmiş, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır. İnanırıq ki, öz peşə bayramını qeyd edən prokurorluq əməkdaşları bundan sonra da ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından fəal iştirak edərək ölkə Prezidentinin apardığı uğurlu siyasətin həyata keçirilməsində var qüvvələri ilə çalışacaqlar.
Bir daha da peşə bayramınız mübarək olsun!
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə eşq olsun!
Sonra çıxış edən Daşkəsən rayon prokuroru ədliyyə müşaviri Maarif Hüseynov Azərbaycan prokurorluğunun yaranması və inkişafı yolundan danışıb. Vurğulayıb ki, Daşkəsən rayon Prokurorluğu olaraq üzərilərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da daha böyük səy və fədakarlıqla çalışacaqlar.
Digər çıxış edənlər də prokurorluq işçilərinin peşə bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin təşkilati işlər üzrə məsul əməkdaşı Fazili Əşrəf Birliyin yaradılmasının 25 illiyi münasibətilə təsis edilmiş yubiley medalını Daşkəsən rayon prokuroru Maarif Hüseynova təqdim edib.
Daşkəsən Rayon Prokurorluğunun əməkdaşları Nəzirə Məmmədova və İlkin Musayev isə səmərəli fəaliyyətlərinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı