DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZİVLAN KƏND SAKİNLƏRİNİN SƏYYAR QƏBULUNU KEÇİRİB
Sentyabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Zivlan kəndində olub.
Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Açıq havada keçirilən görüşü giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqət və qayğını nəzərə çatdırıb, o cümlədən Daşkəsəndə görülən abadlıq-quruculuq, yenidənqurma işlərindən bəhs edib.
Rayon İcra Hakimiyyətinin Başçısı vurğulayıb ki, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri şəxsən hörmətli Zeynal Nağdəliyevin diqqət mərkəzindədir və səyyar görüşlərdə qaldırılan məsələlərin nəzarət qaydasında həll edilməsi üçün baş idarə və nazirliklərə tapşırıqlar verilir.
Qəbulda sakinləri narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Sakinlərin müraciətləri əsasən əraziyə qaz xəttinin çəkilməsi, yolların cari təmir, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma və digər şəxsi məsələlər haqqında olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Əksər müraciətlər yerində həll edilib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ediblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı