Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qaraqollar İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi hesabat verdi

24 yanvar 2014 | 16:00

 

Hesabatlar Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən  idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və  kənd sakinlərinin iştirakı ilə birgə demokratik şəraitdə keçirilir.
Belə hesabatlardan biri də bu gün Qaraqollar İƏDÜN-də baş tutmuşdur. İlk olaraq yığıncaqda Qaraqollar İƏDÜ Nümayəndəsi Elbrus Bayramovun mərüzəsi dinlənilmişdir. E.Bayramov 2013-cü il ərzində nümayəndəliyin gördüyü işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışmışdır.
Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyev 1500 nəfərdən çox əhalisi olan Qaraqollar kəndində keçirilən hesabat yığıncağında dərin məzmunlu nitq söyləmiş, vətəndaşlarla açıq havada ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də rayonumuzda uzun illərdən bəri həllini gözləyən, çətin olan problemlərdən danışmışdır. Cənab Başçı qeyd etmişdir ki, indi dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələr üzrə əlverişli mühit yaradılmışdır.
Indi Azərbaycan kosmos ailəsinin üzvüdür. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edib. Bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycan dövləti layiqincə ev sahibliyi edir. Həm ölkə daxilində, həm də ölkəmizdən kənarda əldə olunan uğurlar beynəlxalq aləmdə razılıqla qarşılanır. Hər birinizə yaxşı məlum olan yol problemi, təbii qaz problemi bizi həmişə narahat edirdi. Bu gün sizin şahidliyinizlə mövcud olan problemlərimiz ardıcıllıqla həll olunmaqdadır. Özünüz canlı şahid olaraq görürsünüz ki, Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmiri uğurla davam etdirilir. Azərbaycanda azad sahibkarlıq mühiti yaradılmışdır. Məhz ölkə Prezidentinin düşünülmüş, uzun illərə hesablanmış siyasətinin nəticəsidir ki, ölkədə güclü, sürətli tikinti, abadlıq, yenidənqurma işləri aparılır. Deyilənlərin bariz nümünəsi sizin yaşadığınız kənddə də özünü göstərir. Rayon mərkəzindən sizin yaşadığınız bu kəndə istənilən nəqliyyət vasitəsi ilə 15-20 dəqiqəyə gəlmək mümkündür. Halbuki əvvəllər bu məsafəni qət etmək üçün sürücüyə bir saat, saat yarım vaxt lazım gəlirdi. Artıq möhtərəm Prezidentimizin məlum sərəncamından sonra bu istiqamətdə yol tikintisi geniş vüsət aldı. İndi həmin yol tikintisinin son tamamlama işləri aparılır. Kəndinizə ən müasir səviyyədə asfalt yolun çəkilməsinin nəticəsidir ki, əvvəllər kənddən köçüb gedən sakinlər indi abadlaşan ata-baba yurdlarına dönməkdədirlər.
Yaxşı məlumdur ki, Daşkəsən rayonunda əlverişli iş mühiti 4-5 ay çəkir. İlin qalan aylarında iqlim şəraiti açıq havada bu cür işləri görməyə imkan vermir. Həllini gözləyən digər problemlərimizin də icrası üçün hava şəraitinin imkan verdiyi vaxtlardan səmərəli istifadə etməklə ardıcıl olaraq bu sahədə işləri davam etdirəcəyik.
Ümumiyyətlə, bildirmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman bütün regionlara olduğu kimi, Daşkəsənə və daşkəsənlilərə də böyük diqqət və qayğısı vardır. Hamımız bu qayğını görür, dünya şöhrətli Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Onun şəxsində biz hər zaman düzgün yol göstərən, xeyirxahlığı təbliğ edən, dinclik, gələcək nəslin xoşbəxtliyi, firavanlığı naminə, bir sözlə, şərqə günəş kimi doğan Azərbaycanımızın şöhrətinin günbəgün artırılması naminə düşünən, fəaliyyət göstərən əvəzsiz siyasi lideri görürük.
Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirmişdir ki, bu gün hər birimiz görürük, möhtərəm Prezidentimiz cənab İlham Əliyev  iqtisadi kapitalı insan kapitalına yönəltmişdir. Bunu rayonumuzun timsalında daha əyani surətdə hiss edirik. Son illərdə Daşkəsən rayonunda 7 məktəb, 1 uşaq bağçası tikilmiş, neçə-neçə uşaq bağçası və ümumtəhsil məktəbi əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonumuzda hər 30 şagirdə 1 kompyuter düşür. Təhsilin keyfiyyətinin artırılması, uşaqların təlim-tərbiyəsinin  gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  Təhsilə  diqqət və  qayğı günbəgün artmaqdadır.  Daşkəsən rayonunda da bunu əyani surətdə görürük.  Rayonumuzda əgər 2012-ci ildə ali məktəblərə 27 nəfər, orta ixtisas məktəblərinə isə 12 nəfər qəbul olunmuşdusa, 20l3-cü ildə ölkənin müxtəlif ali məktəblərinə 43 nəfər, orta ixtisas məktəblərinə isə 26 nəfər qəbul olunmuşdur. Bu, göstərilən diqqət və qayğının nəticəsidir və inanırıq ki, bu uğurlarımız gələcəkdə davam etdiriləcək.
Bu il Daşkəsəndə daha 14 məktəbin tikintisi, ucqar dağ kəndlərinə gedən yolların əsaslı təmiri və tikintisi nəzərdə tutulmuşdur.
Əmin ola bilərsiniz ki, möhtərəm Prezidentimizin ali diqqət və nəzarəti altında bu il də qeyd etdiyim böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcəkdir. Daşkəsənin xoş gələcəyi vardır.
Hesabat yığıncağında çıxış edən kənd sakinləri göstərilən bu müsbət işlərə görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə  öz dərin minnətdarlıqlarını, razılıqlarını bildirərək qeyd etdilər ki, indiyədək kəndimizdə mövcud problemlərin həllinə bu cür diqqət və qayğı görməmişdik. Bu qayğı bizi dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırır.
Kənd sakinləri həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısının və Prezident Administrasiyasının məsul işçisinin  diqqətinə çatdırdılar. Edilmiş təklif və müraciətlər yerindəcə  müsbət həllini tapdı.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyanın məsul işçisi Rüfət Əliyev də iştirak və çıxış etmiş, kənd sakinlərini narahat edən digər problemləri də dinləmiş, həlli üçün köməklik göstərəcəyini bildirmişdir.
Hesabat yığıncağından sonra YAP Daşkəsən rayon təşkilatının Qaraqollar ərazi ilk partiya təşkilatının yığıncağı da keçirilmişdir. Yığıncaqda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilmiş, bir qrupu isə partiya sıralarına qəbul edilmişdir.


Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər