Daşkəsəndə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
Daşkəsəndə avqustun 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib.
Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi olub.
Konfransda giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edib.
O çıxışında deyib:
- Əvvəla hər birinizi salamlayır, hörmətli Mübariz müəllim xoş gəlmişsiniz. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə keçirən “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda bugünkü konfransının işinə uğurlar arzulayıram.
Birmənalı olaraq bildirirəm ki, son illərdə müstəqil Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutmasında və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətləri misilsizdir. Belə ki, dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində xalqımızın milli dini adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılmış, dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənərək daha da möhkəmləndirilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilmiş, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə beynəlxalq tədbirlər həyata keçirilmişdir. Ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəticəsində Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzinə çevrilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fondun maliyyə dəstəyi ilə bir çox məscid və ziyarətgahlarda yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılmışdır. O cümlədən rayonumuzda yeganə və ilk məscid olan Daşkəsən şəhər Cümə məscidi də Heydər Əliyev Fondu tərəfindən inşa edilərək rayon dindarlarının istifadəsinə verilmişdir.
Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanım Əliyeva həmişə təhsilə, uşaq bağçalarına, aztəminatlı ailələrə, şəhid ailələrinə, həmçinin müharibə əlillərinə qayğı və diqqət göstərir. İslam aləminə göstərdiyi böyük dəstəyə görə çox hörmətli Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. Ən əsası da odur ki, Azərbaycanın xarici ölkələrlə münasibətlərinin inkişafında və möhkəmləndirilməsindəki xidmətlərinə görə ölkəmizin Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva ali mükafatlara layiq görülmüşdür.
Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın doğum günü bir daha mübarək olsun!
Rayonumuza hər zaman göstərdikləri diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Respublikanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya bütün daşkəsənlilərə adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Ötən gün Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.
Ölkəmizin ən ali mükafatına layiq görülməsi münasibətilə hörmətli Şeyxülislam Allahşükür Paşazadəni rayon ictimaiyyəti və şəxsən öz adımdan təbrik edirik. Ona uzun ömür, möhkəm can sağlığı və xoşbəxtlik arzulayırıq.
Ötən dövr ərzində Daşkəsən rayonunda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmiş, bunun da məntiqi nəticəsi olaraq qeyri-ənənəvi dini cərəyanların fəaliyyəti müşahidə edilməmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Dini İşlər üzrə Komissiya dini etiqad azadlığı ilə bağlı müvafiq qanunvericiliyin yerlərdə, ərazilərdə düzgün tətbiq edilməsi və icrası ilə bağlı, habelə milli və dini ayrı-seçkiliyə, Azərbaycana yad olan təriqətlərə qarşı mütəmadi olaraq maarifləndirmə işləri aparmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə, həmçinin Komitənin Gəncə regional bölməsi ilə sıx əməkdaşlıq edərək bir sıra tədbirlər həyata keçirmişdir.
Məlumat üçün bildirim ki, Daşkəsəndə 4 ziyarətgah, 12 pir vardır.
Rayonda bir dini qurum – Daşkəsən şəhər “Cümə” məscidi dini icması fəaliyyət göstərir. İcma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Hal-hazıradək icmanın fəaliyyətində qanunvericiliyə zidd hər hansı bir hərəkət müşahidə olunmamışdır.
Daşkəsən şəhər “Cümə” məscidi dini icması Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi əsasında rayonun kənd və qəsəbələrində silsilə maarifləndirmə tədbirlər və görüşlər keçirmişdir. Bu il də həmin tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Rayonda dini mərasimlərdən “Aşura” günü hər il yalnız Daşkəsən şəhər “Cümə” məscidində qeyd olunur. Mərasimlərdə qanunvericiliklə müəyyən edilmiş tələblərə, habelə Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə əməl edilir.
Dini bayramlardan Qurban bayramı və Ramazan bayramı rayon ictimaiyyəti ilə rayon rəhbərliyinin birgə təşkilatçılığı əsasında dövlətin milli-mənəvi dini dəyərlərə ehtiramının ifadəsi olaraq birliyin, sabitliyin, həmrəyliyin, rifahın təcəssümü timsalında hər il təntənəli şəkildə qeyd olunur.
Çıxışımın sonunda bildirmək istəyirəm ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunu yeni müasir dövrün çağırışlarına uyğun yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkəsən rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində aparılan yenidənqurma, abadlıq-quruculuq işləri, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına, sosial rifahının yüksəldilməsinə yönəldilmiş dövlət proqramlarının həyata keçirilməsi rayonumuzda bütün sahələrdə ictimai-siyasi, sosial-iqtisadi sabitliyi yüksək səviyyədə təmin etmişdir.
Konfransda Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin, o cümlədən gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verilməyə başlanıb. O, bu siyasətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, dövlət başçısı İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır, milli-mənəvi dəyərlərin geniş təbliğinə daim dəstək verir. Son illərdə ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının növbəti parlaq nümunəsi kimi səciyyələndirib. O, Fondun xətti ilə ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat alan mindən çox din xadiminə maddi dəstək göstərildiyini bildirib.
Ölkəmizdəki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını deyən Komitə sədri dövlətimizin din siyasətinin əsas məqsədinin dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması olduğunu vurğulayıb. İnsanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu bildirən Komitə sədri, bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində bütün bölgələrdə kompleks tədbirlərin həyata keçirildiyini söyləyib.
Dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələrlə yekunlaşan konfrans işini avqustun 28-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı