Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarının yığıncaqları keçirilir

23 yanvar 2014 | 16:00

 

Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarının yığıncaqlarına hər il olduğu kimi, bu il də rayon təşkilatında ciddi hazırlıq görülmüşdür. Belə ki, əvvəlcədən tədbirlər planı hazırlanmış,  ərazi ilk partiya təşkilatlarında yığıncaq keçiriləcək günlər müəyyənləşdirilmiş, toplantıların yüksək səviyyədə təşkili üçün ərazi ilk partiya təşkilatlarına aidiyyəti üzrə metodiki tövsiyələr və təlimatlar verilmişdir.
Belə yığıncaqlardan biri də bu gün Daşkəsən rayonunun Quşçu ərazi ilk partiya təşkilatında keçirilmişdir. Toplantıda YAP Daşkəsən rayon təşkilatının İdarə heyətinin bir qrup üzvü, Quşçu kəndindən olan YAP fəalları və kəndin ağsaqqalları, ziyalıları iştirak edirdilər.
Yığıncaq iştirakçıları ilkin olaraq Quşçu ərazi ilk partiya təşkilatının sədri F.Həsənovun  ötən ildə görülən işlərə dair hesabat xarakterli məruzəsini dinləmişdir. Natiq məruzəsində bildirmişdir ki, indi Yeni Azərbaycan Partiyasının nüfuzu hər yerdə həmişəkindən daha çox hiss olunur. Bütün azərbaycanlıların dilində şüar kimi səslənən Ümummilli liderimiz Heydər Əliyevin dediyi - “Yeni Azərbaycan Partiyası dünənin,bu günün və gələcəyin partiyasıdır” - müdrik kəlamı öz təsdiqini tapmışdır. Bu bir həqiqətdir ki, ölkədə qazanılan bütün uğurların arxasında iqtidar, hakim partiya olaraq Yeni Azərbaycan Partiyası çox böyük ideoloji iş görür, hər bir sahədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dəstəklənməkdədir. Son 10 ildən bəri kəndimizdə görülən tikinti, quruculuq, abadlıq işləri, həyata keçirilən digər sosial layihələr kənd sakinləri tərəfindən böyük razılıqla qarşılanır, Yeni Azərbaycan Partiyasının sıralarına  kütləvi daxil olmalara bir stimul vermişdir.
Kəndimizin işıq, su, yol, məktəb və digər sosial problemləri demək olar ki, öz həllini tapmışdır. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti,  Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevə sakinlər adından dərin minnətdarlığımızı bildiririk. Bizim bu istəyimiz sözdə deyil, həmişə əməli işdə də özünü təsdiq edir. Ötən il keçirilən Prezident seçkilərində Quşçu kənd sakinlərinin nümayiş etdirdikləri yüksək seçki mədəniyyəti, ölkə rəhbərinə, əbədiyaşar ulu öndər Heydər Əliyev siyasətinə inam, hörmət, sevgi, sədaqət danılmazdır, qərinələr boyu yaşayacaqdır.
Quşçu ərazi ilk partiya təşkilatının sədri F.Həsənov məruzəsində cari il ərzidnə qarşıda duran işlərdən də söhbət açmış, 2014-cü il üçün ərazi ilk partiya təşkilatının fəaliyyət planı barədə məlumat vermişdir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev toplantıda çıxış edərək bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə və ölkədən kənarda qazandığı çox böyük uğurlar Yeni Azərbaycan Partiyasının  lideri kimi  bizim hər birimizdə böyük fəxarət hissi yaradır. Bu gün partiyamız cənubi Qafqazda ən çox üzvü olan nüfuzlu hakim partiyadır. Ötən il ölkəmizdə keçirilən Prezident seçkiləri və bu siyasi hadisəyə beynəlxalq ictimaiyyətin verdiyi qiymət bir daha təsdiq edir ki, YAP xalqın partiyasıdır, onun siyasi iradəsinin və arzularının gerçəkləşməsinə şərait yaradan partiyadır. Bizim siyasi liderimiz haqqında beynəlxalq siyasətçilər böyük fikirlər səsləndirilər. Amerika siyasətçiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevi həm ölkəmizdə, həm də ölkəmizdən kənarda parlayan ulduz adlandırırlar. Prezidentimizin fəaliyyətinə əvəssiz qiyməti Azərbaycan xalqı ötən il Prezident seçkilərində öz müdrik seçimi, ürəyinin hökmü ilə bir daha vermişdir.
Mən inanıram ki, sizin təşkilatınızın kənd sakinləri arasında apardığı güclü ideoloji işlər sayəsində Bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstəriləcək, onlar xalqın səsini toplamağa nail olacaqlar.
Sözün həqiqi mənasında ölkəmizdə elə bir ev tapılmaz ki, Prezidentimizin daxili və xarici siyasətinə öz rəğbətini , hörmətini bildirməsin.  Möhtərəm Prezidentimiz dəfələrlə öz çıxışlarında qeyd etmişdir ki, mən Dövlət başçısı və siyasətçi kimi  xalqımın iradəsinə söykənirəm. Xalqa belə münasibət onu xalqın gözündə daha da ucaldır, sevdirir. Bu sevgiyə min alqışlar olsun.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin dərin məzmunlu nitqindən sonra Quşçu ərazi ilk partiya təşkilatından partiya sıralarına qəbul olunan gənclərə vəsiqələr təqdim olunmuş, bir qrup gəncin isə partiya sıralarına daxil olması üçün ərizələri qəbul edilmişdir.
Quşçu ərazi ilk partiya təşkilatının yığıncağında partiya fəalları da çıxış etmiş, ürək sözlərini bildirmiş, ötən il görülmüş işləri qənaətbəxş qiymətləndirilmişlər. Sonra 2014-cü il üçün ərazi ilk partiya təşkilatının fəaliyyət planı təsdiq edilmişdir.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər