5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür
Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən keçirilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli Lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.
Prezident cənab İlham Əliyevin elmin və təhsilin inkişafını dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı göstərməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və bu kimi təqdirəlayiq addımlar müəllim nüfuzunu cəmiyyətimizdə daha da yüksəldib.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi, təmiri və istifadəyə verilməsi davam edir.
Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Dördüncü ildir ki, Azərbaycan müəllimləri Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib vətəndaşları olaraq bayram edirlər. Təkcə bu il işğaldan azad edilmiş ərazilərimizdə 10-na yaxın ümumtəhsil məktəbi və 1 ali – Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Xatırladaq ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib, 20 təhsil işçisi müqəddəs şəhidlik zirvəsinə ucalıb.
Əziz müəllimlər, Sizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, fədakar əməyinizə görə Sizə minnətdarlığımız bildirir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!