Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda avqustun 7-də “2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı” keçirilib.

07 avqust 2019 | 16:00

Daşkəsən rayonu 2019-cu ilin birinci yarimilini uğurla başa vurub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş yığıncaqda ümumilikdə 225 nəfər olmaqla, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncağı giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açaraq hesabat məruzəsi ilə çıxış edib.
O, məruzəsində deyib:
– Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on altı il ərzində  uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə  ölkəmizdəki  sabitlik,  sürətli  inkişaf  və  beynəlxalq  miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
2019-cu ilin 6 ayı da əvvəlki illərdə olduğu kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu  olmuşdur.
İyul ayının 31-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə 6 ayın sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin 6 ayında da Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə  ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Prezident Möhtərəm cənab  İlham Əliyev müşavirədə çıxış edərək demişdir:
...” İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin   rolu   kifayət   qədər  böyükdür.  Bildiyiniz  kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.
Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.
Ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.
Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik.
Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir.”...
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2019-cu ilin 6 ayı ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
Belə ki, iqtisadiyyatın əsas sahələrində kənd təsərrüfatı sahəsi istisna olmaqla  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli (25%) artmışdır.                                                                                 
Daşkəsən rayonunda 2019-cu ilin yanvar-iyun ayları ərzində faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi  92 milyon 420 min manat olmuşdur. 2018-ci ilin müvafiq dövrünə nisbətən  müqayisəli qiymətlərlə 125,3% təşkil etmişdir.
Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da müxtəlif sahələrdə bu işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən   maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir.
Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Təmizləyici qurğu və yeni inzibati binanın tikintiləri sürətlə davam etdirilərək tamamlama işləri görülür.
Cari ilin 6 ayı ərzində Daşkəsən şəhərində 10  çoxmərtəbəli yaşayış binasının dam örtüyü təmir edilmiş, 3 binanın fasadı əsaslı təmir edilərək emulsiya ilə rənglənmiş, 2 binanın giriş blokunun pilləkən qəfəsindəki pəncərələr metal plastik pəncərələrlə, blokların giriş qapıları isə metal qapılarla əvəz olunmuşdur.
Heydər Əliyev meydanında və Şəhidlər xiyabanında  təmir işləri aparılaraq səliqə-sahman işləri yerinə yetirilmişdir.
Xoşbulaq kənd tam orta məktəb və Qabaqtəpə kənd xəstəxana binalarının dam örtükləri tamamilə dəyişdirilmişdir.
Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli,  N. Nərimanov adına 3 nömrəli, S. Vurğun adına 4 nömrəli və Qaraqullar kənd tam  orta məktəblərində cari təmir işləri aparılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində,  Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ  müharibəsi  əlilləri  və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən  qəsəbələrində və Quşçu  kəndində  evləri qəza vəziyyətində  olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisində son tamamlama işləri yerinə yetirilir.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, kombinata 73 nəfər əlavə işçi qüvvəsi verilmişdir.
Lakin  şəhərin kənar   küçələrinin   təmizlənməsi,   şəhərdən     tullantıların     yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Daşkəsən rayonu üzrə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari qaydada sığorta olunması sahəsində 2018-ci il ərzində 109 sığorta müqaviləsi bağlanmışdır. 2019-cu ilin keçən dövrü ərzində isə 287 sığorta müqaviləsi bağlanmış və həmin sahə üzrə işlər davam etdirilir.
Rayon ərazisində  daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
2019-cu ilin yanvar ayında Daşkəsən rayon İcra Hakimiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi ilə razılaşdırılmış və  “DOST İŞ Mərkəzi” MMC tərəfindən  təqdim olunan  130 nəfər, aprel ayında isə əlavə 90 nəfər işsiz şəxslə  müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunmuşlar.
6 ay ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir. Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun hesabına Daşkəsən rayonu ərazisində yaşayan 316 aztəminatlı ailəyə bayram sovqatı paylanmışdır.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2019-cu il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan 20 nəfər məktəbli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 23-26 mart 2019-cu il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixl Fərmanı ilə “Azərbaycan  Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 16 tədbir nəzərdə  tutulmuşdur.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.
Rayonda 3 kartofçuluq və 1 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq  təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir. Rayon ərazisində 5544 arı ailəsi vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş hər arı  ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayonda 220 nəfər olmaqla 5544 arı ailəsi kodlaşdırılaraq aidiyyəti   üzrə   sənədlər Kənd Təsərrüfatı  Nazirliyinə təqdim olunmuş və həmin arı ailələrinə görə arı sahiblərinə 55440 manat subsidiya verilməsi nəzərdə tutulmuşdur.
Daşkəsən rayonu ərazisində 2019-cu il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən, baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 18 mart 2019-cu il tarixli 11 nömrəli sərəncam verilmişdir. Əvvəlki illə müqayisədə bu il Daşkəsən rayonuna məxsus olan lakin qış mövsümü ərzində kənar rayonlarda qışlama keçirən, yaylaq mövsümündə rayona qayıdan yerli sakinlərə məxsus təsərrüfatların rayon ərazisinə buraxılması həmin vətəndaşların yaşadığı inzibati əraziyə uyğun olaraq aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə həvalə olunmuşdur.
Yaz-yay mövsümlərinin başlanmasına uyğun olaraq yaylaqlardan və örüş otlaq sahələrindən səmərəli istifadə edilməlidir.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün  müvafiq lazımi tədbirlər görülməlidir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 5 iyul 2019-cu il tarixli 46 nömrəli sərəncamına uyğun olaraq bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr qeyri-qanuni tikililər barədə tövsiyə olunmuş formada lazımı məlumatları aidiyyəti üzrə qurumlara, Yerli Ekspert Komissiyasına təqdim olunmasını təmin etməlidirlər. Rayonun aidiyyəti üzrə qurumları bu sahədə bütün lazımi tədbirləri yerinə yetirməlidirlər.
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə   fevral ayının 11-dən  mayın 15-dək ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil   edilmişdir.  Həmin tapşırığa  əsasən  Daşkəsən  rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi  və  rayonun  idarə,  müəssisə  və  təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 23834 nəfər tibbi müayinədən keçmiş, 330 nəfər müxtəlif xəstəliklərdən ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş,  489 nəfər  Daşkəsən   rayon    mərkəzi    xəstəxanasının  stasionar müalicəsinə cəlb olunmuş, 564 nəfərə isə ambulator müalicə yazılmışdır.                                   
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli Fərmanı olmuşdur. İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.
Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBIB-in) tabeliyinə veriləcək xəstəxanalar müəyyənləşdirilmiş, Nazirlər Kabineti Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq olunmuşdur. Həmin siyahıya Daşkəsən Rayon Mərkəzi Xəstəxanası, kənd sahə xəstəxanaları, kənd və qəsəbələr üzrə həkim və tibb məntəqələri daxil edilmişdir. Bu barədə qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.            
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və müəssisənin yenilənməsi tədbirlərinin həyata keçirilməsi haqqında”  Azərbaycan  Respublikası çox hörmətli Prezidenti cənab İlham Əliyevin  13 iyul  2016-cı il  tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Müəssisənin investisiya müsabiqəsi başa çatdırılmamışdır.
Eyni zamanda 6 ay ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Çovdar Filiz Emalı Sahəsi və Azərbaycan Şəkər İstehsalat Birliyi  İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətlərini  davam etdirmişlər.
Bildiyiniz kimi 19 may və 24 may 2019-cu il tarixlərdə Daşkəsən rayonu ərazisində təbii fəlakət baş vermiş və  baş vermiş təbii fəlakət, dolu və leysan yağışla müşayiət  olunan güclü   külək     əsməsi – qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə  və rayonun  elektrik, rabitə və yaşıllaşdırma təsərrüfatlarına, əkin sahələrinə ziyan dəymişdir. Dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə  işlər görülmüş və hazırda həmin işlər davam etdirilir.
31 nömrəli Yol İstismarı MMC tərəfindən respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri  üzrə  539,4  min manatlıq iş görülmüşdür. Gəncə-Daşkəsən avtomobil yolunun kənarındakı yol qoruyucuları rənglənərək qaydaya salınır. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunda son tamamlama işləri görülür.
Daşkəsən rayonunun Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2019-cu il tarixli Sərəncamı olmuşdur. Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi işlərinə başlanılmışdır. Həmin işlər Xocalı Yol İstismarı İdarəsi tərəfindən həyata keçirilir. Artıq  bu yolun 5,5 km çox hissəsinə asfalt, beton örtük salınmışdır. Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.
“Yeni Daşkəsən“ ideyası rayonun yüksəlişindən və cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının,  körpülərin    əsaslı    təmiri     üzrə   Daşkəsən   Rayon     İcra  Hakimiyyəti  tərəfindən  Respublika  Nazirlər Kabinetinə, Baş Nazirə kompleks layihə  təklifləri işlənib təqdim olunmuşdur.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 10 yaşayış məntəqəsi təbii qazla təmin olunur. 2019-cu ilin 6 ayı ərzində rayonun  Quşçu kəndində 404, Bayan kəndində isə 459  abonent  təbii qazla təmin olunmuşdur. Quşçu, Quşçu körpü və Daşkəsən qəsəbələrinə yeni təbii qaz xəttinin çəkilişinə başlanılmış və hazırda həmin işlər sürətlə davam etdirilir. Hazırda rayon ərazisində qazlaşma yaşayış məntəqələri üzrə  20,4%, ev təsərrüfatları üzrə isə 62,4 % təşkil edir. 3 məntəqədə qazlaşma işləri tamamlandıqdan sonra göstəricilər müvafiq olaraq 26,5 %-ə və 65,9 %-ə çatacaqdır. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün aidiyyəti üzrə lazımi tədbirlər ardıcıllıqla davam etdirilməlidir.  
Əhalinin  elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Rayonun bəzi yaşayış məntəqələrində özünüdaşıyan izolyasiyalı naqillərlə çəkilişi tam başa çatdırılmamış, bir çox yaşayış məntəqələrində isə həmin kabelin çəkilişinə başlanılmamışdır.
Hesabat dövründə Daşkəsən Elektrik şəbəkəsinin rəhbərliyi  dəyişdirilmişdir. Elektrik şəbəkəsinin yeni təyin olunmuş rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində  qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri-balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Sukanal idarəsinin xidmət etdiyi 2076 abonentdən 1966 abonent smart tipli su sayğacı ilə 24 saat içməli su ilə təmin edilir. Su-kanalizasiya sisteminin yenidən qurulması üzrə görülməsi nəzərdə tutulmuş bəzi işlər yerinə yetirilməmiş, o cümlədən təmizləyici qurğunun tikintisi başa çatdırılmamış, binaların, evlərin kanalizasiya xətləri yeni sistemin kanalizasiya xətlərinə birləşdirilməmişdir. Hazırda həmin sahələr üzrə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirədə qeyd etmişdir: ...“Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir,   ancaq   bəzi   hallarda  süni   qiymət  artımı  da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır.”…
Rayonda da süni qiymət artımının qarşısının alınması üçün aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri  bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri 22 may 2019-cu il tarixində, Baş prokurorun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov 24 iyun 2019-cu il tarixində (Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları), Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev 24 iyun 2019-cu il tarixində, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev 26 iyul 2019-cu il tarixində  Daşkəsən şəhərində vətəndaşları  qəbul  etmişlər.
13 iyun 2019-cu il tarixdən 27 iyun 2019-cu il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar xidmət göstərmişdir. “ASAN xidmət”in xidmətlərindən 849 nəfər yararlanmışdır.  “ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara  göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.                                                                            
Cari ilin oktyabr ayının 1-dən 10-dək Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması keçiriləcəkdir. Əhalinin siyahıyaalınması ilə əlaqədar Daşkəsən rayonunda hazırlıq işləri görülür.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev  demişdir: “...Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr – milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”.
İcazə verin, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün  qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, RİHB-nin Daşkəsən qəsəbə İƏDÜN-si Xudayar Ələkbərov, 31 nömrəli Yol İstismarı MMC-nin rəisi Roman Əsgərov və digərləri çıxışlar etmiş, qarşıda duran vəzifələrin icrasından danışmış, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hesabat yığıncağının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təltif olunmasını möhtərəm Prezidentimiz tərəfindən bütün daşkəsənlilərə verilən yüksək qiymət, göstərilən ali diqqət və qayğı kimi dəyərləndirərək bu verilən medalla bağlı rayon ictimaiyyəti adından cənab Prezidentimizə dərin təşəkkürünü və minnətdarlığını bildirib.

 
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər