Daşkəsəndə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi Qarabağ müharibəsi veteranları ilə görüş keçirib
Avqustun 6-da “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Veteran vəsiqəsi və statusu ala bilməyən müharibə iştirakçılarına hüquqi yardım göstərilməsi” layihəsi çərçivəsində Daşkəsəndə Qarabağ müharibəsi veteranları ilə görüş keçirib.
Öncə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşıb, müharibə veteranlarına, şəhid ailələrinə xüsusi diqqət göstərilməsi onun tərəfindən bütün dövlət strukturlarının qarşısına birbaşa vəzifə kimi qoyulub.
Elmar Əliyev qeyd edib ki, ölkə Prezidentinin tapşırıq və tövsiyəsinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonda yaşayan Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə daim qayğı, müraciətlərinə həssas münasibət göstərir, onlarla mütəmadi olaraq görüşlər keçirir. O, hazırda Daşkəsən rayonunda 256 nəfər Qarabağ müharibəsi veteranının və 39 şəhid ailəsinin olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini, layihə rəhbəri Vahid Abdurəhmanov Birlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu təbəqədən olan insanlara sosial qayğının nəzərə çarpacaq dərəcədə olması gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksək olmasına gətirib çıxarır. Lakin Dövlətin bu təbəqədən olan insanlara göstərdiyi qayğıdan bəziləri faydalana bilmir. Bunun da başlıca səbəblərindən biri hüquqi savadsızlıqdır. Hüquqi savadsızlıq həmin insanlar üçün təkcə sosial çətinliklər deyil, həm də mənəvi-psixoloji sıxıntılar yaradır.
Vahid Abdurəhmanov deyib ki, Birlik üzvlərinin hüquqlarını, imtiyaz və qanuni mənafelərini qorumaq, onlar arasında ünsiyyət və əlaqəni möhkəmləndirmək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsini gücləndirmək əsas məqsədimizdir.
Tədbirdə digər çıxış edənlər şəhid ailələrinə, əlillərə, veteranlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, xalqımızın, o cümlədən müharibə veteranlarının bir amalı və arzusu Qarabağın işğaldan azad edilməsidir.
Müxtəlif mövzular ətrafında müzakirə şəraitində keçən görüşdə keçmiş döyüşçülərlə maarifləndirmə işi aparılıb və onlara hüquqi yardımlar göstərilib.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı