Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Astaf kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

05 iyul 2019 | 16:00

İyulun 5-də açıq havada keçirilən qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlanmışdır. Həmin sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Prezidentin Fərmanı ilə problemli krediti olan 800 min nəfərdən çox şəxsə dövlət büdcəsindən kompensasiya ödənilib.
Bu günlərdə isə Prezident cənab İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atdı. Belə ki, ölkə Prezidentinin imzaladığı  sərəncamlarla minimum əmək haqqı bir daha artırılaraq sentyabrın 1-dən etibarən 180 manatdan  250 manata qaldırıldı. Büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan müəllimlərin əmək haqqı 20 faiz artırıldı. Bunlar Prezident cənab İlham Əliyev tərəfindən aparılan düşünülmüş  siyasətin nəticəsidir və ölkə rəhbərinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə xidmət etdiyini bir daha da göstərir.
Son illər Daşkəsən rayonunda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev ötən dövr ərzində Astaf kəndində də xeyli abadlıq-quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Xüsusilə vurğulayıb ki, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Əhalinin elektrik enerjisi, rabitə və içməli su ilə təminatı, məşğulluğunun artırılması daim diqqətdə saxlanılır.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Müraciətlər kəndə gələn avtomobil yolun təmiri, tibb məntəqəsinin tikintisi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və digər məsələlər ilə  bağlı olub.
Hər bir sakinin müraciətinə həssaslıqla yanaşan Əhəd Abıyev problemlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Qəbulda qaldırılan məsələlərin bir qismi yerində həll edilib.
Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər