Daşkəsən rayonunda Azərbaycan Polisi Günü qeyd edilib
İyulun 2-də keçirilmiş tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini özündə əks etdirən guşələrə baxışdan sonra tədbir Daşkəsən Rayon Polis Şöbəsində davam etdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev giriş sözü ilə tədbiri açaraq peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi daimi diqqət və qayğıdan söz açıb. O, çıxışında deyib:
- Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətinin peşə bayramıdır. Başda hörmətli nazir Vilayət Eyvazov olmaqla, Daşkəsən Rayon Polis Şöbəsinin bütün şəxsi heyətini təbrik edirəm.
Bildiyiniz kimi Azərbaycan polisi Vətənə, xalqa və torpaqlarımızın müdafiəsi uğrunda ləyaqətlə xidmət etmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb dövlətin əsas güclü dayaqlarından birinə çevrilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, ölkə əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşları, o cümlədən Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Orucov Vəfadar Adil oğlu da “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə peşə bayramında “Vətən uğrunda” medalı ilə təltif olunması barədə qəbul edilmiş qərar Daşkəsən rayon polisinin hər bir əməkdaşına, həmçinin bütün Daşkəsən rayonuna verilən qiymətdir.
Bu təltifə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova minnətdarlığımızı bildiririk və Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Orucov Vəfadar Adil oğlunu həm “Vətən uğrunda” medalı ilə təltif edilməsi, həm də ona polkovnik rütbəsinin verilməsi münasibətilə təbrik edirik.
Bir daha da 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər naziri hörmətli Vilayət Eyvazovu və Daşkəsən Rayon Polis Şöbəsinin bütün şəxsi heyətini, veteranlarımızı təbrik edirəm, onlara möhkəm can sağlığı, xoşbəxtlik və bu şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıram.
Çıxış edən Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov əvvəlcə Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu polis şöbəsinin şəxsi heyətinə oxuyub, sonra Azərbaycan polisinin yaranması və inkişaf tarixi haqqında danışıb.
Polis rəisi polkovnik Vəfadar Orucov “Vətən uğrunda” medalı ilə təltif edilməsinə və ona göstərilən böyük etimada görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident cənab İlham Əliyevə daim sadiqdirlər, onlar ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirin sonunda polis əməkdaşlarına və veteranlarına fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edib.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı