Daşkəsəndə səyyar “ASAN xidmət” öz işini davam etdirir
13 iyundan başlayaraq həftənin 6 iş günü, saat 10-00-dan 18-00-dək fəaliyyət göstərən səyyar “ASAN xidmət” avtobusu Daşkəsən rayonunda sakinlərə xidmət göstərməkdədir.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tərcümə xidməti, tibb xidməti daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən səyyar “ASAN xidmət”in təşkili üçün bütün texniki köməklik göstərilmişdir.
Daşkəsən şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında 13 iyun 2019-cu il tarixdən öz işinə başlamış səyyar “ASAN xidmət”ə bu müddət ərzində sakinlərimiz tərəfindən ümumilikdə 565 müraciət daxil olmuş və onlara yüksək səviyyədə xidmət olunmuşdur.
Belə bir şəraitin yaradılmasına görə bu xidmətdən yararlanan hər bir Daşkəsən rayon sakini ölkə rəhbəri cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişdir.