DAŞKƏSƏNDƏ DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB
Daşkəsəndə iyunun 21-də Dövlət Qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, rayonun idarə və təşkilatlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, heykəli önünə gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbir Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncaqda nitq söyləyib. O, çıxışında deyib:
- Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Sizi təbrik edir, şərəfli peşənizdə hər birinizə müvəffəqiyyətlər və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayır, sizlərə xoşbəxtlik, can sağlığı, ailə səadəti diləyirəm.
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. BMT Baş Assambleyası tərəfindən 23 iyun Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarixin Azərbaycanda da Dövlət Qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Bizim dövlətçilik konsepsiyamız ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşmış və həmin kursun layiqli davamçısı çox hörməti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yeni dövrün tələblərinə uyğun olaq zənginləşdirilir.
Möhtərəm Prezident cənab İlham Əliyev dövlət qulluqçularına müasir, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısına əlavə vəzifələr qoymuşdur. Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik üsullarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır.
Günbəgün inkişaf edən, çiçəklənən, ulu öndər Heydər Əliyevin müqəddəs sözləri ilə desək, dünyaya günəş kimi doğan Azərbaycan özünün Dövlət idarəetmə sistemi ilə dünya dövlətləri sırasında bu gün qabaqcıl yerlərdədir.
Dövlət qulluqçularının maddi rifahının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət qulluqçularının əmək haqlarının bu günlərdə 50 faiz artırılması dövlət qulluqçularına göstərilən daimi diqqət və qayğının əyani göstəricisidir.
Göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Dövlətimizin inkişafı, tərəqqisi və rifahı naminə hər bir dövlət qulluqçusu öz vəzifəsini vicdanla, Vətənə, Xalqa sədaqət hissi ilə yerinə yetirməyə borcludur.
Mən Sizin hər birinizi 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə bir daha da təbrik edirəm.
Peşə bayramınız mübarək olsun.
Digər çıxış edənlər də dövlət qulluqçularını təbrik ediblər, hər bir dövlət qulluqçusuna Dövlətə, Vətənə xidmətdə ən ideal örnəyin məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu bildiriblər.
Sonda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov, İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüqar Məmmədov, böyük mütəxəssis Şahnaz Tağıyeva dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı