DAŞKƏSƏNİN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “SON ZƏNG” TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR
İyunun 14-də Daşkəsən rayonun tam orta məktəblərində ənənəvi “Son zəng” tədbirləri təntənəli surətdə və yüksək təşkilatçılıqla qeyd olunmuşdur.
Rayonun 25 ümumtəhsil məktəbində təhsil alan şagirdlərdən 188 nəfəri məzun adını qazanmışdır.
Tərtib edilmiş qrafikə uyğun olaraq Daşkəsənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərən nümayəndələr “Son zəng” şənliklərində iştirak etmişlər. Tədbirlərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər, bu sahədə Daşkəsəndə həyata keçirilən ardıcıl layihələr barədə danışılmış, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol uğurlar arzulanmışdır.
Xüsusilə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın gələcəyi olan uşaqlara və gənclərə göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ən ucqar kəndlərdə belə yeni-yeni məktəb binaları tikilmiş, modul tipli məktəblər quraşdırılmış, əsaslı təmir işləri görülmüş, lazımi avadanlıqla təchiz olunmuş və təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilərək məvacibləri artırılmışdır. Bu da təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir.
“Son zəng” tədbirlərində şagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, on birincilərin inamlı çıxışları, mənalı ürək sözləri bu gənclərin Vətənin layiqli övladları olacağına inamı daha da artırmışdır.
“Son zəng” çalındıqdan sonra sehrli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə əlvida demişlər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı