DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİSİ ARİF NOVRUZOVUN İŞTİRAKI İLƏ QUŞÇU KƏND SAKİNLƏRİNİN SƏYYAR QƏBULU KEÇİRİB
Mayın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovun, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Quşçu kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Əhəd Abıyev çıxışında Quşçu kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü deyib. O qeyd edib ki, ötən dövrlərdə kənddə müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binası tikilmiş, uşaq bağçası əsaslı surətdə təmir edilmiş, abadlıq işləri aparılmış, əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması sahəsində mövcud olan problemlər aradan qaldırılmışdır.
Əhəd Abıyev çıxışında xüsusilə vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Daşkəsən rayonu üzrə 2 yaşayış məntəqəsinin, o cümlədən 2 mindən çox əhalinin yaşadığı Quşçu kəndinin də təbii qazla təchizatı nəzərdə tutulmuşdu. Qısa müddət ərzində kəndin qazlaşdırılması işlərinin yüksək səviyyədə həyata keçirilərək başa çatdırıldığını deyən rayon rəhbəri Quşçu kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə ötən ilin dekabrın 27-də keçirilmiş təntənəli açılış mərasimini görüş iştirakçılarına xatırlatmışdır.
“Daşkəsən rayonunun Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2019-cu il tarixli Sərəncamından danışan Əhəd Abıyev Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi işlərinə artıq başlandığını və bununla Quşçu kəndinin də yol probleminin tamamilə həllini tapacağını, bütün daşkəsənlilərin ölkə Prezidentinin bu qayğısını böyük sevinc və minnətdarlıqla qarşıladıqlarını bildirib.
Rayon İcra Hakimiyyətinin Başçısı ərazidə sosialyönümlü tədbirlərin icrasının bundan sonra da davam etdiriləcəyini bildirərək görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıb.
Qəbulda iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü daxili və xarici siyasəti ilə ölkəmizin uğurlu inkişafından bəhs edərək həyata keçirilən çevik sosial-iqtisadi siyasətin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O, çıxışında əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyasının genişləndirilməsindən, cari ilin birinci rübündə Prezident cənab İlham Əliyev tərəfindən bununla əlaqədar qəbul edilmiş qərarlardan, çoxsaylı sərəncamlardan söhbət açıb, minimum əmək haqlarının, bütün növ müavinətlərin, pensiyaların, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarının əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, kənd ərazisində bankomatın quraşdırılması, su təchizatının yaxşılaşdırılması, işlə təmin olunma və digər məsələlər ilə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı