DAŞKƏSƏNDƏ 9 MAY – QƏLƏBƏ GÜNÜNDƏ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISININ BAYRAMI EVİNDƏ TƏBRİK EDİLİB
Mayın 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin əməkdaşları və ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 74 illiyi münasibəti ilə Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı İdris Əhmədovun bayramını evində təbrik ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin təbriklərini və bayram hədiyyəsini 94 yaşlı İdris Əhmədova çatdıran Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev görüşdə deyib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şərəf" ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. 9 May günü bizdə əvvəlki kimi, ölkənin ən mötəbər dövlət bayramı olaraq qalır. Müharibə və əmək veteranları dövlətimizin gündəlik qayğısını hiss edirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev veteranların sosial müdafiəsi məsələsini daim öz nəzarətində saxlayır: veteranlara prezident təqaüdü ödənilir, müntəzəm olaraq onlara mənzil və avtomobillər ayrılır, digər güzəştlər şamil edilir.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsul əməkdaşı Sənan Həsənov isə deyib ki, Daşkəsən rayonunda müharibə iştirakçılarına həmişə böyük diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyəti digər əlaqədar təşkilatlar ilə birlikdə müharibə veteranlarının problemlərinin həllinə, onların müalicəsinə daim yaxından köməklik göstərir.
Sağlamlıq durumu yerində olan veteranla çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Müharibə illəri ilə bağlı xatirələrini bölüşən Berlinə qədər döyüş yolu keçmiş İdris Əhmədov ona hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib. O əminliklə bildirib ki, tezliklə qüdrətli ordumuz Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən işğalından azad edəcəkdir.
Sonda veteranla xatirə şəkli çəkilib.
Hazırda Daşkəsən rayonunda 1 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü