Daşkəsən rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı həmişəkindən daha yüksək səviyyədə qeyd edildi
Daşkəsən rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik
günü və Yeni il bayramı həmişəkindən daha yüksək səviyyədə qeyd edildi
Daşkəsən rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına yüksək hazırlıq görülmüşdü. Belə ki, hər iki bayramla əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin tapşırıq və tövsiyələri əsasında tədbirlər planı hazırlanmış, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlarda icrası təmin edilmişdir.
Bayramlara yüksək hazırlığın nəticəsidir ki, rayon sakinləri arasında fikirlər söylənilir ki, bu il Daşkəsən rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı həmişəkindən daha yüksək səviyyədə qeyd olunmuşdur.
Bayramsayağı bəzədilən Daşkəsən şəhərinin mərkəzində ulu öndərin adını daşıyan meydanda böyük küknar ağacı yeni ilin simvolu kimi quraşdırılmış, Şaxta baba və Qar qız yeni il ərəfəsində rayon sakinləri ilə birgə görüşləri bayramların yadda qalan və zəngin keçməsini təmin etmişdir.
Ümumrayon şənliyi yekun olaraq “Yeni həyat” sarayında bayram süfrəsi arxasında davam etdirilimişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ümumrayon şənliyində geniş və dərin məzmunlu təbrik nitqi söyləyərək demişdir :
- Əziz daşkəsənlilər! Bu gün 50 milyondan çox azərbaycanlının həmrəylik, dostluq, birlik, qardaşlıq bayramıdır. Bu bayram bizim üçün bir də ona görə əzizdir ki, Müstəqil Azərbaycanın xilaskarı Ulu öndərimiz Heydər Əliyevin çox böyük siyasi ustalıqla təsis etdiyi müqəddəs bir bayramdır. Yəqin hamınız yaxşı xatırlayırsınız, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Bu müqəddəs bayramlar, əlamətdar günlər münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı ürəkdən təbrik edir, hər kəsə böyük uğurlar, daimi qələbələr, həyat sevincləri arzulayıram.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı nitqinə davam edərək bildirdi ki, bu gün Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev bayram şənliyində sevinc hissi ilə qeyd etmişdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. Bu bayram Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş-bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Eyni zamanda həm də bütün dünya Yeni ili qarşılamağa hazırlaşır. Bunu sanki ötən ilin bir hesabatı kimi də qiymətləndirmək olar. Ötən ilimiz rayonumuz üçün çox uğurlu və əlamətdar olmuşdur. Ötən bir il ərzində Daşkəsən rayonunun tarixində görünməyən miqyasda tikinti, abadlıq, quruculuq və yenidənqurma işləri aparılmışdır. Bu il 7 yeni məktəb binası inşa edilmiş və 1 Körpələr evi və uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Ümumiyyətlə, ötən dövr ərzində 20 ünvanda tikinti, abadlıq, quruculuq və yenidənqurma işləri görülmüşdür. Rayonumuzun ən ucqar kəndlərinə müasir səviyyədə asfalt yolun çəkilişi davam etdirilmişdir. Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun əsaslı tikintisinə başlanılmışdır. Həmçinin müasir Avropa standartlarına uyğun səviyyədə inşa olunan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında, şəhər avtovağzal kompleksində, Gənclərin Təlim və İstirahət mərkəzində, Statistika İdarəsinin inzibati binasında, Çovdar qızıl zavodunun inşasında və sadalamadığım digər obyektlərdə son tamamlama işləri görülür.
Gələn il də bizi çox böyük işlər gözləyir. Rayonumuzda 16 məktəbin, şəhid və Qarabağ əlilləri üçün 40 mənzilli yeni yaşayış binasının inşasına, Daşkəsən-Əmirvar-Qabaqtəpə dairəvi yolunun əsaslı təmiri və onlarla başqa layihələrin icrasına başlanılacaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuz ölkədə inkişaf etmiş digər rayonların səviyyəsinə çatacaqdırdir.
Dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyev başda olmaqla bir daha 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi təbrik edir, hamınıza can sağlığı, həyat uğruları arzulayır, Müstəqil Azərbaycanımızın həmrəylik günü mübarək olsun, - deyirəm.
Bayram şənliyində çıxış edənlərin hər biri 10 il ərzində Azərbaycanımızı qələbələrdən-qələbələrə, uğurlardan-uğurlara aparan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, qəlbi torpaq, vətən eşqi ilə döyünən hər bir insana can sağlığı arzulamış, qeyd etmişlər ki, bu cür təmtəraqlı tədbirləri Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında yaxın vaxtlarda ruhumuzun paytaxtı olan Dağlıq Qarabağımızda qeyd edək.
Ümumrayon şənliyi Daşkəsən rayon İncəsənət məktəbinin müsiqi ansamblının rəngarəng ifaları ilə davam etdirilmişdir.
Vüqar Məmmədov