DAŞKƏSƏN GÜCLÜ QAR ÖRPƏYİNƏ BÜRÜNÜB
Yazın gəlməsinə baxmayaraq Azərbaycanın dağlıq rayonlardan olan Daşkəsənə üç gündür güclü qar yağır.
Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir problem yaratmamışdır.
Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.
Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparırlar.Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün müvafiq işlər görülür. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmamışdır. Qarın yağması rayon ərazisində olan ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir etməmişdir.
Rayonun bütün idarə və təşkilatları işlərini hava proqnozlarını nəzərə almaqla qurur.