Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin vətəndaşların növbəti səyyar qəbulu Yuxarı Daşkəsən qəsəbəsində olub
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev martın 28-də hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə növbəti səyyar qəbulunu keçirib.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında respublikamızın və rayonumuzun bugünkü uğurlu inkişafından danışıb: “Ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq, quruculuq işləri aparılır – yeni yollar çəkilir, körpülər salınır, təhsil, müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir”.
Əhəd Abıyev çıxışında Yuxarı Daşkəsən qəsəbə sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, qəsəbə əhalisi bu gün fasiləsiz olaraq elektrik enerjisi, qaz, rabitə, içməli su ilə təmin olunur, 200 yerlik tam orta məktəb yenidən tikilib, ərazidə xeyli abadlıq işləri aparılıb.
Rayon rəhbəri həmçinin Yaponiya Hökumətinin dəstəyi ilə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində su təchizatı sisteminin tikintisi” layihəsinin uğurla icra edildiyini, 26 iyul 2017-ci il tarixdə təntənəli açılış mərasiminin keçirilməsini və tikilmiş su təchizatına Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katorinin iştirakı ilə baxış keçirdiyini diqqətə çatdırıb.
Əhəd Abıyev qarşıda duran vəzifələr barədə də danışıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər qəsəbə daxili yolların asfaltlaşdırılması, köhnə elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma, uşaq bağçasının əsaslı təmir olunması və digər məsələlər ilə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı