DAŞKƏSƏNLİ MƏKTƏBLİLƏR NÖVBƏTİ “ÖLKƏMİZİ TANIYAQ” MAARİFLƏNDİRİCİ TUR-AKSİYASINA QOŞULUBLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiyaya daşkəsənli məktəblilər 23 mart tarixində qoşulublar.
Daşkəsən Rayon İcra Hakimiyyəti əməkdaşlarının, təhsil şöbəsi işçilərinin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayonun Heydər Əliyev meydanında təntənəli yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu aksiyalar gənclərimizə respublikamızın tarixini dərindən öyrənmək imkanı yaradır.
Xüsusilə vurğulanıb ki, məktəblilərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, möhtətəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində əyani tanış olurlar.
Yolasalma mərasimində çıxış edən valideynlər məktəblilərə uğurlar arzulayaraq, ölkəmizi daha yaxından tanımaq üçün onların övladlarına yaradılan şəraitə və şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb edən belə tur-aksiyaların təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 23-26 mart tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.
Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 20 məktəblidən ibarət qrup Qəbələ rayonuna yola düşüblər.
Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı