DAŞKƏSƏNDƏ TURİZMLƏ BAĞLI TƏLİMLƏR KEÇİRİLİR
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsən rayonunun turizm potensialından səmərəli istifadə etmək üçün yaradılmış xüsusi işçi qrupuna təlimlər keçirilməyə başlanılıb. Dövlət Turizm Agentliyinin tövsiyəsi əsasında işçi qrupuna yeni turizm məhsullarının, marşrutlarının yaradılması, planlama, təbliğat-təşviqat istiqamətində beynəlxalq proqramlar aşılanacaqdır.
Tərəfdaşları İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və bələdiyyələr olan “Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək" layihəsi 16 dekabr 2016-cı il tarixdə Avropa Birliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GlZ) arasında bağlanmış müqaviləyə əsasən 2017-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır. Layihənin məqsədi yerli orqanların idarəetmə və ərazi planlaşdırma bacarıqlarının artırılmasına dəstək olmaqla regional inkişafı gücləndirməkdir.
Yerli icmaların turizm biliklərinin artırılmasına dair keçirilən təlimlərdə “turizm fəaliyyəti”, “yerli turizm resurslarının səmərəli istifadəsi”, “turistlərə göstərilən xidmətlər və onların standartları”, “turizm destinasiyasının tanıdılması və marketinq üsulları”, "yerli səfirlər" və digər mövzularda mühazirələrin oxunması nəzərdə tutulub.
2018-ci ilin dekabrın 28-dən başlanmış və həftədə bir dəfə olmaqla keçirilən təlimlər 2019-cu ilin fevralın 8-də başa çatacaqdır.
Layihənin növbəti mərhələsində 15 nəfərdən ibarət işçi qrupu üzvlərindən seçilmiş nümayəndələr təcrübə əldə etmək məqsədilə xarici ölkələrin turizm-rekreasiya zonalarına səfərlər edəcəkdir.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı