Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü təntənəli surətdə qeyd edilmişdir.
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının
yaradılmasının 21-ci ildönümü təntənəli surətdə qeyd edilmişdir.
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərə yekun vurulmuşdur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə “Yeni həyat” şadlıq evində keçirilən təntənəli tədbirin açılış mərasimində iştirakçıları əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək çıxışında bildirmişdir ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır. Belə ki, 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmiz faciələrlə üzləşdi. Bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, şəxsi maraqlarının dövlət mənafelərindən üstün tutulması daxili ictimai – siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan siyasi partiyanın yaradılması tarixin tələbi idi. 1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvələri ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, xalqımızın həyatını kökündən dəyişən Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisəyə çevrildi. Ümummilli lider Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində atəşkəs əldə edildi, böhran aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi demokratik prinsiplər əsasında formalaşmağa başladı. Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi islahatlar 2003-cü ildən başlayaraq daha da sürətləndi və ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu. Son 10 ildə ölkədə əfsanə kimi görünən işlər real həyatda əksini tapdı. Eyni zamanda bölgələrimizlə yanaşı rayonumuz da öz simasını dəyişərək Avropa şəhərlərini xatırladır.
Təkcə 2013-cü il Daşkəsən rayonu üçün çox uğurlu bir il olmuşdur.
Belə ki, rayonunun Quşçu, Mollahəsənli, Muşavaq, Əmirvar, Əmirvar-Əhmədli, Bayan kəndlərində və Daşkəsən qəsəbəsində yeni müasir tipli məktəb binaları tikilmiş, Daşkəsən şəhərində 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni və müasir tipli inzibati binasının, şəhər avtovağzal kompleksinin tikintisi uğurla davam etdirilir. Çovdar qızıl zavodunda, Statistika idarəsinin inzibati binasında , Xoşbulaq kəndində Gənclərin Təlim və İstirahət mərkəzində, Daşkəsən şəhərində və Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binalarında son tamamlama işləri aparılır.
Şəhərimizdə «Yeni həyat» sarayının inşası, şəhərin küçələrinin asfaltlaşdırılması, su – kanalizasiya xətlərinin dəyişdirilməsi, 32-dən artıq çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin müasir tipli yeni dəmir örtüklü şiferlərlə əvəz olunması, istinad divarlarının, bordurların təmir edilməsi, rayonun girəcəyində Bayraq meydanının və istirahət parkının istifadəyə verilməsi belə deməyə əsas verir ki, «Yeni Daşkəsən» layihəsi uğurla icra olunmaqdadır.
Həmçinin bu il ərzində Bayan kəndində müasir tipli yeni poçt binası tikilmiş, Quşçu kəndinə isə yeni içməli su xətti çəkilmişdir.
Rayonumuzda Zağalı-Kollu-Çıraqlı və Xoşbulaq-Astaf avtomobil yollarının əsaslı təmir işləri də uğurla davam etdirilir.
Əvvəllər yolsuzluq şəraitində yaşayan Daşkəsən rayonunun ən ucqar kəndlərinə indi asfalt yollar çəkilir. Bu isə inkişafın, aparılan düzgün siyasətin, Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olmasının bir daha əyani sübutdur.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsi ayrılmışdır.
Bu il ərzində sadalanan işlərin ən vacibi isə bildiyiniz kimi Daşkəsən rayonuna məxsus olan yay-otlaq sahələrinin 7 qonşu rayondan alınaraq rayonun sakinlərinin istifadəsinə verilməsi oldu. Yaxşı bilirsiniz ki, əhalisinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu rayonumuz bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi. Çünki yuxarıda qeyd edildiyi kimi, rayonun ərazisində yerləşən yay otlaqları sovetlər dövründə 7 qonşu rayon arasında bölüşdürülmüşdür. Uzun illərdən bəri rayon üçün problem olan bu məsələ də uğurlu həllini tapmışdır.
Eyni zamanda əlavə olaraq “Yeni Daşkəsən” layihəsi üzrə rayonumuzda ayrı-ayrı sahələrdə, xüsusilə təhsil sahəsində bir sıra tədbirlər həyata keçiriləcək. Qarşıdan gələn ildə 16 məktəbin tikintisi, Daşkəsən-Əmirvar-Qabaqtəpə dairəvi yolunun əsaslı təmiri nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirim ki, Daşkəsən rayonunun tarixində qısa vaxt ərzində bu qədər iri miqyaslı tikinti, abadlıq və yenidənqurma işləri görülməmişdir.
Bütün bu işlərin uğurlu həllində, qələbələrin qazanılmasında bizi ruhlandıran, gələcəyə inamla aparan Yeni Azərbaycan Partiyasının sədri, dünya şöhrətli siyasətçi möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevə bütün daşkəsənlilər adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı, böyük hörmət və ehtiramımızı bildiririk. Biz həmişə Onun ətrafında sıx birləşərək bu siyasətə sadiq qalacağıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək demişdir ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı partiyanın Nizamnaməsinə uyğun olaraq partiyanın formalaşması, onun təşkilat strukturunun möhkəmləndirilməsi istiqamətində xeyli işlər görmüşdür. Bu illər ərzində Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişlənmiş, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiya maarifçilik işi güclənmişdir. Partiyaya daxil olan üzvlərin sayı kəmiyyət və keyfiyyətcə daha da yaxşılaşmışdır. Bu gün 4033 nəfər Yeni Azərbaycan Partiyasının üzvü Daşkəsən rayon təşkilatında birləşmişdir.
Yeri gəlmişkən qeyd edim ki, ötən il YAP Daşkəsən rayon təşkilatının maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin Prezident seçkilərinin rayon ərazisində daha yüksək səviyyədə keçirilməsi üçün ucqar zirvədə, dağlar qoynunda yerləşən YAP Daşkəsən rayon təşkilatına öz adımdan xarici minik avtomobili bağışladım. YAP Daşkəsən rayon təşkilatı isə öz növbəsində bizim ümidlərimizi doğrultdu, Prezident seçkilərində böyük siyasi fəallıq nümayış etdirdi.
2013-cü il ölkəmiz üçün daha bir mühüm hadisə ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezident seçkiləri Daşkəsəndə şəffaf, ədalətli, yüksək səviyyədə aparılmış, təbliğat, təşviqat işləri daim diqqətdə saxlanılmışdır.Nəticədə seçkidə iştirak edən daşkəsənlilər ürəklərinin hökmü, qəlblərinin istəyi ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə 87 % səs vermişlər.
Daşkəsənlilər həmişə olduğu kimi, bundan sonra da Ulu öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına yenə də sədaqət nümayiş etdirəcək, əvəzolunmaz siyasi lider kimi Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər.
Partiyamızın qarşımızda qoyduğu bu şərəfli işlərində rayon təşkilatına yeni-yeni qələbələr, uğurlar arzulayıram. Bütün siyasi həmkarlarımıza 21 illik bayramımız mübarək olsun, - deyirəm.
Başçının geniş məzmunlu çıxışından sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev keçirilən bütün silsilə tədbirlərdə İcra Hakimiyyətinin Başçısı çox hörmətli cənab Əhəd Abıyevin fəal iştirakını, tədbirlərin keçirilməsinə yaxından köməyini xüsusi vurğulamış, YAP Daşkəsən rayon təşkilatının bütün üzvləri adından rayonun Başçısına bu diqqətə, qayğıya görə bir daha dərin minnətdarlığını bildirmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə keçirilən təntənəli bayram tədbirində bir qrup YAP fəalına 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkilərində və YAP Daşkəsən rayon təşkilatının tədbirlərində fəal iştirakına görə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları və YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.
“Yeni həyat” sarayında keçirilən bayram tədbirində geniş süfrə açılmış, əlamətdar gün münasibətilə ziyafət verilmişdir.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü