Daşkəsəndə doqquz ayın sosial-iqtisadi inkişafinın yekunları uğurlu olmuşdur
Daşkəsəndə doqquz ayın sosial-iqtisadi inkişafinın yekunları uğurlu olmuşdur
Bu gün Daşkəsəndə doqquz ayın sosial-iqtisadi inkişafinın yekunlarına həsr olunmuş umumrayon toplantısı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 6-da Prezident sarayında, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident cənab İlham Əliyev iclası giriş nitqi ilə açmışdır.
O demişdir:
“Doqquz ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik inkişaf əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır. Hesab edirəm ki, indiki zəmanədə xüsusilə dünyada hələ də davam edən böhran şəraitində bu, kifayət qədər yüksək göstəricidir və bizə imkan verir ki, biz öz investisiya proqramlarımızı da uğurla icra edək. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz artır, yüksək templərlə artır və ilin əvvəlindən bu günə qədər bu yüksək templər qorunur. Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir. Eyni zamanda, Azərbaycanda aparılan islahatlar bax, bu nəticəyə gətirib çıxarmışdır. Çünki iqtisadiyyatımızın neft-qaz amilindən asılılığı ildən-ilə daha da azalır və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsi məsələləri də öz həllini tapır”.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2013-cü ilin doqquz ayında bir çox nailiyyətlər əldə olmuşdur.
İcra Hakimiyyətinin Başçısı çıxışına davam edərək qeyd etdi ki, rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 34,4 faiz artmışdır. 2013-cü ilin doqquz ayında tikinti 21 milyon 810 min manat (əvvəlki ilə nisbətən 3,5 dəfə çox), kənd təsərrüfatı məhsulları 20 milyon 355 min manat (3,4% çox), nəqliyyat üzrə 1milyon 912 min manat (1,2% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 10 milyon 295 min manat (3,7% çox), rabitə xidmətləri üzrə 145 min manat (13,4% çox) olmuşdur.
Hesabat ilində rayonda əhalinin sayı 245 nəfər artaraq 33 min 623 nəfər olmuşdur.
Həmin dövrdə rayonda 209 iş yeri yaradılmışdır.
2013-cü ilin doqquz ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılmışdır.
Bu ölkə başçısı cənab Prezidentimizin rayonumuzun inkişafına olan böyük diqqət və qayğısının əyani təzahürüdür.
Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza ardıcıl göstərilən diqqət və qayğıya görə ölkə rəhbərimiz Prezidentimiz cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm.
3.
İcra Hakimiyyətinin Başçısı onu da vurğuladı ki, rayonumuzda mövcud olan problemlərin həlli ilə əlaqədar məktubla müraciətimizə uyğun olaraq şəxsən cənab Prezidentimiz tərəfindən verilmiş tapşırığa əsasən hazırda prezident administrasiyasında, nazirlər kabinetində, nazirliklərdə, komitə və şirkətlərdə aidiyyəti üzrə tədbirlər görülür. Rayonumuzun hərtərəfli inkişafı üçün layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır.
Bildiyiniz kimi 2012-ci ildə Çovdar qızıl zavodunun tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. Həmin işlərin sürətləndirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdur. Yatağın tam istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
2013-cü ilin 9 ayı ərzində Bayan kəndində müasir tipli yeni poçt binası tikilərək istifadəyə verilmişdir.
Daşkəsən rayonunda gənclər üçün təlim və istirahət mərkəzinin,Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının tikintilərində işlər davam etdirilir.
Cari ilin keçən dövrü ərzində Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisi, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının və 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
2014-cü ildə rayonumuzda bir sıra ümumtəhsil yeni məktəblərinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur.
Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının və rayon Statistika idarəsinin yeni inzibati binasında son tamamlama işləri görülür.
Daşkəsən rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın və yeni avtovağzal kompleksinin tikintisi davam etdirilir.
Yeni tikilən möhtəşəm inzibati binada rayon İcra Hakimiyyəti Başçısı Aparatının işçiləri yüksək səviyyəli iş şəraiti ilə təmin olunacaq.
Daşkəsən şəhərində avtovağzalla bağlı mövcud olan avtobus marşrutları rayonda aparılan quruculuq və abadlıq işlərində kəndlərdə yeni yolların salınması, respublikanın qonşu rayonlarına əlaqə imkanı, yeni yaradılacaq avtovağzalın istifadəyə verilməsi ilə əlaqədar Daşkəsən-Bakı, Daşkəsən–Sumqayıt, Daşkəsən-Lənkəran, Daşkəsən-Qazax və Daşkəsən-Gəncə avtobus marşrutlarının müasir nəqliyyat vasitələri ilə işləməsi üçün Baş Nazirdən razılıq alınmış, aidiyyəti üzrə nazirliklərə göstəriş verilmişdir.
Yaponiya hökumətinin qrantı hesabına rayonun Quşçu kəndinə yeni su xətti çəkilmişdir.
Daşkəsən şəhəri Ş.İ.Xətai, A.Abdullayev, İ.Qayıbov küçələrinə və 5 saylı şəhər uşaq bağçasının ətrafına asfalt örtüyü salınmışdır.
Daşkəsən şəhərində çoxmərtəbəli 22 binanın dam örtüyü dəyişdirilmiş, şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılmış və hazırda həmin işlər davam etdirilir.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulmuşdu. Bu tədbirlərin 2-si ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilmişdi.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən əlavə 18 yeni təkliflər də işlənib hazırlanaraq aidiyyəti üzrə qurumlara təqdim olunmuşdur.
Bildiyiniz kimi, “Yeni Daşkəsən” layihəsi işlənib elmi əsaslarla hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır.
Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
“Azərbaycan Raepublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” layihəsində əvvəlki proqramlardan daha çox Daşkəsən rayonu üzrə 61 tədbir nəzərdə tutulmuşdur.
Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında 1344 saylı, 27.12.2012-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət etmişdik.
Bildiyiniz kimi Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, rayonumuzda qarşıdurma yaranırdı, krinimal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu. Çünki yuxarıda qeyd edildiyi kimi rayonun ərazisində yerləşən yay otlaqları sovetlər dövründə qonşu 7 rayon arasında bölüşdürülmüşdür. Müraciətlə ölkə rəhbərliyinə yazılan məktubda Daşkəsən rayonun ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonun ərazisindən digər rayonların istiafdəsinə verilmiş Dövlət fondu yay otlaq sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi məsələsinə artıq baxılıb, məsələ müsbət həll olunub, sərəncam da verilmişdir.
Belə ki, hörmətli Baş Nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 156 nömrəli Qərarı ilə yay-otlaq sahələrinin yerli İcra Hakimiyyətinin öz səlahiyyətlərinə vermiş, təyinatına uyğun olaraq rayonumuzda kənd camaatı artıq özləri istifadə edəcəkdir. Buna görə şəxsən cənab Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bütün Daşkəsən əhalisi adından bildiririk.
Ötən dövr ərzində Rayon Telekommunikasiya Qovşağında, 22 saylı Yol İstismar idarəsində , Rayon Elektrik şəbəkəsində, Sukanal idarəsində diqqətəlayiq uğrular əldə olunmuşdur.
Təəssüf ki, Qaz istismar sahəsi üzrə 2013-cü ilin 9 ayı ərzində əhaliyə verilən təbii qazla bağlı vəziyyət gərgin olaraq qalır.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Bildiyiniz kimi cari ilin mart ayının 16-da Daşkəsən şəhərinin salınmasının 65 illiyi və Novruz bayramı münasibətilə geniş bayram tədbiri keçirilmiş və həmin tədbirdə 4 nəfər Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi və Çernobıl əlillərinə “NAZ-Lifan” markalı minik avtomobilləri verilmişdir.
Azərbaycan xalqının 2013-cü ilin 9 oktyabr seçkilərində seçimi son on ildə cənab Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür (seçkilərdə ölkə vətəndaşlarının 71,63 faizi iştirak etmiş, onlardan 84,54 faizi cənab İlham Əliyevin namizədliyini dəstəkləmişdir).
Oktyabrın 9-da keçirilmiş Prezident seçkiləri bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmiş və iqtidarın demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət, hüquqi demokratik dövlətin əsaslarını möhkəmləndirilməsi kursunun dəyişməzliyinə sədaqətini əyani şəkildə nümayış etdirmişdir.
9 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərində daşkəsənlilər xüsusi fəallıq göstərmiş, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müstəqil Azərbaycan Respublikasını işıqlı gələcəyə aparan cənab İlham Əliyevə sevgilərini bir daha nümayiş etdirərək seçicilərin 86,9 faizi səs vermişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışının sonunda vurğulamışdır ki, qarşımızda çox məsul və şərəfli vəzifələr durur.
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının dərin məzmunlu məruzəsindən sonra RIHB-nın müavini Cavanşir Qocayev, Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev , RİHB-nın Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev, Daşkəsən şəhər 5 saylı uşaq bağçasının müdiri Mehriban Rüstəmova məruzə ətrafında çıxış etmiş, 9 ayda rayonda görülən işlərdən minnətdarlıqla danışmışlar.
Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.