KONSTİTUSİYA GÜNÜ MÜNASİBƏTİLƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətində 12 Noyabr – Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilmişdir. Tədbiri Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov açaraq bayram münasibətilə iştirakçıları təbrik etmiş və bildirmişdir:
– 23 il əvvəl – 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq ölkəmizin Əsas Qanunu – Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur.
24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.
Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan etmişdir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Əsas Qanunumuz həmçinin dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmlənməsinə xidmət edir, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının Azərbaycan dövləti tərəfindən qorunmasına təminat verir. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin edir.
Ümummilli Liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır. Qəbul edilmiş Konstitusiyada əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş və ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir. Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açmış və bütün sahələrdə inkişafa təkan vermişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Ruslan Məmmədəliyev də Konstitusiya Günü ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda Konstitusiya Günü ilə əlaqədar videofilmə baxış keçirilmişdir.