Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

BAYRAĞIMIZ QÜRURUMUZDUR

07 noyabr 2018 | 16:00

Dövlət Bayrağı Günü münasibətilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Orxan Həsənov çıxış edərək bildirmişdir ki, hər il olduğu kimi bu ildə Rayon İcra Hakimiyyəti Bayraq Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb.
Bayram münasibətilə şəhərimizin küçələri üçrəngli bayrağımızla bəzədilib, şüarlar asılıb. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.
O.Həsənov bildirib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.
Daha sonra o, Ali Baş Komandanımız möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və qarşıdan gələn 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, tədbir iştirakçılarına yeni-yeni uğurlar, qələbələr, can sağlığı və xoşbəxtlik arzulamışdır.
Bu gün Azərbaycan dövlətinin  hərbi gücünün artırıldığını vurğulayan Orxan Həsənov qeyd edib ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu arasındadır. Ordumuzun peşəkarlığı indi ən yüksək səviyyədədir. Azərbaycan Ordusunun qəhrəmanlığı və müasir hərbi silahlarla təchiz edilməsi nəticəsində Aprel döyüşlərində, daha sonra Naxçıvan cəbhəsində min hektarlarla ərazi işğaldan azad edildi. Bu, ordumuzun gücünü işğalçıya göstərdi, həm də Azərbaycan beynəlxalq aləmdə bir daha göstərdi ki, biz sülh siyasəti aparırıq, amma eyni zamanda, torpaqlarımızı azad etmək gücünə malikik.
Daşkəsən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Orxan Həsənov çıxışının sonunda Azərbaycan Respublikasının Dövlət Bayrağının tezliklə işğal olunmuş ərazilərimizdə - Xankəndində, Şuşada dalğalanacağına əminliyini bildirib.
Digər çıxış edənlər də qürürla vurğulamışlar ki, hazırkı Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından 100 il ötür. 1918-ci ilin noyabrından 1920-ci ilin aprelinədək millətin başı üzərində dalğalanan üçrəngli dövlət bayrağımız yalnız 70 il sonra, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.
Xalqımız 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı ilə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağını bərpa etməklə uca zirvələrə qaldırdı.
Ümummlilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə qərarı ilə ucaldılan bayrağımız dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onu baxımlı etmişdir. Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi təsis edilməsi ölkə rəhbərinin öz xalqının tarixi keçmişinə, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin birbaşa rəhbərliyi və gərgin zəhməti hesabına 2011-ci il  iyun ayının 14-də Daşkəsən rayonunun girişində  illərdən bəri səliqə-səhmansız, bərbad vəziyyətdə olan 2 hektara yaxın ərazidə geniş tikinti, abadlıq və quruculuq işləri aparıldıqdan sonra istirahət parkı və Bayraq  Meydanı  daşkəsənlilərin istifadəsinə verilmişdir. 32 metr yüksəklikdə dalğalanan Azərbaycan Respublikasının Dövlət bayrağının uzunluğu 11 metr, eni isə 5,5 metr təşkil edir.
Bayram tədbirində məktəblilər tərəfindən Vətənimizə, bayrağımıza həsr olunan şeirlər ifa edilib,  Dövlət bayrağımızdan bəhs edən film nümayiş olunub.

Keçidlər