Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Quşçu kəndinə Yaponiya hökumətinin qrantı hesabına yeni içməli su xətti çəkildi

05 oktyabr 2013 | 15:00

 

Daşkəsən rayonunun Quşçu kəndinə Yaponiya
hökumətinin qrantı hesabına yeni içməli su xətti çəkildi

Daşkəsənlilər bu gün daha bir sevindirici hadisənin xoş anlarını yaşayırlar. Rayonun Quşçu kəndində Yaponiya hökumətinin qrantı hesabına 8,4 km məsafədən çəkilmiş, ümumi layihə dəyəri 120 min ABŞ dolları olan yeni su xəttinin açılış mərasimi olmuşdur. Layihənin həyata keçməsi nəticəsində kənddə tutumu 50 ton olan su anbarı tikilmiş və kəndin müxtəlif yerlərində 4 bulaq inşa edilmişdir. Açılış mərasimində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabey, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və qonaqlar iştirak etmişlər.
Açılış mərasimində gündən-günə inkişaf edən Yaponiya və Azərbaycan arasında yaradılan xoş işgüzar əlaqələrdən, xalqlarımız arasında mövcud olan mədəni və sosial sahələrdən,  dostluq-qardaşlıq münasibətlərindən danışan natiqlər Azərbaycanın ucqar dağ kəndlərinə göstərilən diqqət və  qayğıya görə minnətdarlıq və razılıqlarını bildirmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeyi salamlayaraq çıxışında xüsusi vurğulamışdır ki, hörmətli cənab səfir, Sizin rəhbərlik etdiyiniz səfirlik vasitəsi ilə ölkəmizdə  müxtəlif sosial yönümlü layihələr həyata keçirilir, Azərbaycan - Yaponiya dostluğu və əlaqələri  günü-gündən daha da möhkəmləndirilir. Bu layihələr ölkəmizin müxtəlif kəndlərində içməli su, səhiyyə və təhsil sahəsində vətəndaşlarımızın sosial inkişafına təkan verməkdədir. Belə layihələr insanların sosial-iqtisadi həyatına müsbət təsir etməklə yanaşı, ölkələr və insanlar arasında əlaqələrin daha da genişlənməsi ilə nəticələnir.
Məlumat üçün cənab səfirin diqqətinə çatdırıram ki, Daşkəsən rayonu ölkəmizin qərb hissəsində yerləşir və bəzi kəndlərində hələ də bir çox sosial yönümlü layihələrin həyata keçirilməsinə ehtiyac var. Rayonumuzun Quşcu kəndində əhalinin içməli su ilə bağlı qarşılaşdığı problem bu gün diqqət və qayğınız sayəsində aradan qaldırılmışdır. Bu işdə əməyi, zəhməti olanların hər birinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Yaxşı yadımdadır, məhz bu günkü əlamətdar günlə bağlı bundan bir müddət əvvəl Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım İctimai Birliyinin nümayəndələri bu kəndə səfər etmiş, kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi , bələdiyyəsi və kənd ağsaqqalları ilə görüşlər keçirərək Yaponiya səfirliyinə təqdim olunan layihənin texniki şərtlərini müzakirə etmişlər. Biz həmin vaxtlar Daşkəsən Rayon İcra Hakimiyyəti olaraq, eyni zamanda Quşçu kənd və qəsəbə sakinləri bu təşəbbüsü ürəkdən dəstəkləmişdik. Biz  inanırdıq ki, təqdim olunan layihə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə tam şəkildə uyğunlaşmaqdadır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı olaraq, Yaponiya səfirliyi ilə möhkəm dostluq və işgüzar əlaqələrin günbəgün möhkəmləndirilməsinə ümid edirəm. İnanıram ki, uğurla başa çatmış bu layihə kənd sakinləri tərəfindən müsbət qarşılanaraq minnətdarlıqla qəbul edilmişdir. Bu layihə 2200 nəfərdən artıq kənd sakininin həyatında böyük və ciddi dönüş yaradacaqdır. Su həyatdır, aydınlıqdır, sağlam yaşamaq deməkdir.
Çox hörmətli səfir! Siz bu xeyirxah işinizlə Ermənistan Respublikasından, dədə-baba torpaqlarından vəhşicəsinə qovulan 2000 nəfərdən çox qaçqının, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarından olan 200 nəfərə yaxın məcburi köçkünün həyat şəraitini yaxşılaşdırmış, bu kəndin ciddi problemlərindən birini aradan qaldırmısınız. Bütün bunlara görə Sizə bir daha, sağ olun, - deyirik.
Biz Yaponiya hökumətinə bir də ona görə minnətdarıq ki, bu gözəl gün Azərbaycanda Prezident seçkiləri ilə bir vaxta təsadüf edir. Bu, ölkəmizdə qurucu prezident kimi xalq tərəfindən sevilən, möhtərəm cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin parlaq təzahürüdür.Biz sizin bu xeyirxah işinizi ölkəmizdə keçiriləcək prezident seçkilərinə ən böyük hədiyyə hesab edirik.
Qonşularla və ümumilikdə dünyanın bütün dövlətləri ilə mehriban və işgüzar, dostluq münasibətləri quran Azərbaycan dövlətinin siyasətinin nəticəsidir ki, bu gün biz bunun əyani şahidi oluruq.
Arzu edirəm ki, Sizin bu xeyirxah əməlləriniz Daşkəsən torpağında bununla yekunlaşmasın. Sizin rayonumuzun digər kəndlərində olan sosial-məişət problemlərinin aradan qaldırılmasında bir daha yaxından kömək göstərəcəyinizə ümid edirik. Sizi Daşkəsən rayonunda yenidən görməyimizə şad olardıq!
Açılışda daha sonra Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabey çıxış edərək demişdir ki, mən ilk dəfədir ki, sizin rayonunuza səfər edirəm. Buranın gözəl təbiəti, füsünkar gözəlliyi vardır.10 ildəYaponiya hökuməti Azərbaycanda 170-ə yaxın bu cür layihələr həyata keçirmişdir. Su əlbəttə, gözəllikdir, sağlamlıqdır, lakin həm də su qorxuludur. Yaponiyada 2 il bundan əvvəl sunaminin yaratdığı problemləri,baş vermiş insan fəlakətlərini xatırlatmaq istərdim. Gərək belə qorxulu fəlakətlərin qarşısı vaxtında alınsın. Yeri gəlmişkən minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizim ölkə rəhbərinə və xalqımıza baş sağlığı verdi. Azərbaycan dost ölkə kimi Yaponiya xalqına bu ağır günündə maddi yardım göstərdi.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin gözəl çıxışı mənə çox yaxşı təsir bağışladı. Sizin qarşınızda söz verirəm ki, Yaponiya hökumətinin Daşkəsən rayonunda bu cür layihələri davamlı olacaqdır. Sizin seçiminizə uyğun olaraq gələcəkdə yeni məktəb tikintisini ehtiyacı olan kəndlərdə aparacağıq. Hərarətli alqışlarınıza, qonaqpərvərliyinizə görə sizə çox sağ olun deyirəm. Mən də arzu edirəm və çalışıram ki, Yaponiya ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf etsin.İnanıram ki, hər iki ölkə dostluq münasibətlərinin inkişaf etməsində çox maraqlıdır.
Quşçu kənd sakinləri adından İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Firudin Həsənov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Gəncə bölgəsi üzrə axundu Hacı Tahir və QHT nümayəndəsi Sabit Bağırov çıxış edərək Yaponiya hökumətinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Quşçu kəndinin sakinlərinə göstərilən diqqət və qayğıya görə öz sevgilərini, hörmət və ehtiramlarını bildirmişlər.
Açılış mərasimindən sonra səfir və onu müşaiyət edən qonaqlar rayonun Çovdar kəndi ərazisində yerləşən Qızıl zavodunun fəaliyyəti ilə də yaxından tanış olmuşlar. Sonra isə qonaqlar zavodda istehsal olunmuş ən yüksək əyarlı qızıl nümunələrinə tamaşa etmişlər.


Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər